Nəsli kəsilmək təhlükəsində olan nəhəng tısbağalar yeni məskən tapır
Sakit okeanın şərq hissəsində yaşayan dünyanın ən böyük dəniz tısbağalarının Ekvador sahillərində yeni yuvalama əraziləri yaratdığı müəyyən edilib. Alimlər bu dəyişikliklərin iqlim şəraitinə uyğunlaşma ilə əlaqəli ola biləcəyini düşünürlər.
Crossmedia.az xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri Simon Freyzer Universitetinin araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqatçılar 2025–2026-cı illərin yuvalama mövsümündə Ekvadorun bir neçə çimərliyində dəriqabıqlı tısbağaların qeyri-adi dərəcədə çox yuva qurduğunu qeydə alıblar. Həmin ərazilər onların ənənəvi yuvalama məkanları olan Meksika və Kosta-Rika sahillərindən 1600 kilometrdən çox məsafədə yerləşir.
Araşdırmaya görə, son onillikdə La-Ninya dövrlərində, yəni Sakit okeanın şərqində suyun temperaturunun nisbətən aşağı düşdüyü vaxtlarda bu tısbağaların Ekvador sahillərində yuvalama fəallığı artıb.
Alimlər müəyyən ediblər ki, yeni ərazilərdə yumurtaların çıxma göstəriciləri ənənəvi yuvalama məkanlarındakı nəticələrlə müqayisə edilə biləcək səviyyədədir.
Qeyd edək ki, Sakit okeanın şərqində yaşayan dəriqabıqlı tısbağaların sayı 1980-ci illərdən bəri 90 faizdən çox azalıb. Onlar balıq torlarına düşmə, plastik tullantılar və yuvalama ərazilərinin məhv olması kimi təhlükələrlə üzləşirlər.
05:04 29.11.2026
Oxunuş sayı: 65