ABŞ-də qrip mövsümü erkən başladı: CDC-nin peyvənd kampaniyaları dayandırılıb
ABŞ-də mövsümi qrip gözləniləndən bir neçə həftə əvvəl yayılmağa başlayıb. Bu isə əhalinin bir hissəsini virusa qarşı hazırlıqsız yaxalayıb.
Crossmedia.az xəbər verir ki, əvvəlki illərdə qripə qarşı peyvəndlənməni təşviq edən kampaniyalar ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən həyata keçirilirdi. Lakin bu il qurumun ənənəvi maarifləndirmə kampaniyaları dayandırılıb.
Məlumata əsasən, ABŞ-nin səhiyyə və insan xidmətləri naziri Robert Kennedi 2025-ci ilin fevralında vəzifəyə başladıqdan bir gün sonra CDC-nin “Wild to Mild” adlı qrip peyvəndi kampaniyasının dayandırılmasına göstəriş verib. Həmin kampaniya peyvəndin qripə yoluxma zamanı xəstəliyin daha yüngül keçməsinə kömək etdiyini vurğulayırdı.
CNN yazır ki, səhiyyə qurumunun ictimaiyyətlə kommunikasiya fəaliyyətinin zəifləməsi həkimlər və pasiyentlər arasında narahatlıq yaradıb. Əvvəlki illərdə CDC rəhbərliyi peyvəndlənməyə şəxsən nümunə göstərir, ictimaiyyətə mütəmadi çağırışlar edirdi. Bu il isə ənənəvi maarifləndirmə tədbirləri keçirilməyib.
Məlumata görə, Florida ştatında yaşayan 58 yaşlı Stefani Sebalyos sentyabrın sonunda qripə yoluxaraq 10 gün yataqda qalmalı olub. O, virusun ölkədə gözləniləndən daha erkən yayıldığından xəbərsiz olduğu üçün peyvənd olunmadığını bildirib.
CDC-nin noyabrın 13-də açıqladığı məlumatlara əsasən, 2026-2027-ci il qrip mövsümündə ABŞ-də ən azı 2,6 milyon yoluxma, 36 min hospitalizasiya və 2 100 ölüm qeydə alınıb. Qurum mövsümi qripə qarşı illik peyvəndlənməni tövsiyə edir.
Qeyd edək ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi CDC-nin qripə qarşı peyvəndlənməni ağır xəstəlik və xəstəxanaya yerləşdirilmə riskini azaltmaq üçün tövsiyə etməyə davam etdiyini bildirib.
01:00 30.11.2026
Oxunuş sayı: 50