Dünyanın ən kiçik qurbağalarından biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir
Qərbi Afrikanın Qana ərazisində yaşayan və uzunluğu cəmi 2 santimetr olan Afia Birago qurbağasının nəsli kəsilmək təhlükəsi var. Dünyanın ən kiçik amfibiyalarından hesab edilən bu növün təbiətdə yalnız iki daimi su hövzəsində yaşadığı müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, Afia Birago qurbağası Qananın cənub-şərqində yerləşən Atewa meşə qoruğunda yayılıb. Onun təbii yaşayış mühiti qanunsuz qızıl hasilatı, meşələrin məhv edilməsi və su hövzələrinin çirklənməsi nəticəsində ciddi təhlükə altındadır.
2018-ci ildə elmə yeni növ kimi təqdim edilən qurbağaya qanalı bioloq Kaleb Ofori-Boateng anası Afia Biragonun adını verib. Anası səkkiz övladını böyütmək üçün illərlə işlənmiş geyimlər sataraq ailəsini dolandırıb. Alim bu adlandırma ilə anasının zəhmətini və fədakarlığını əbədiləşdirmək istəyib.
Növün qorunması məqsədilə Qana alimləri London Zooloji Cəmiyyəti ilə əməkdaşlığa başlayıblar. 2025-ci ildə 20 yetkin qurbağa London zooparkına aparılıb. Burada onların əsir şəraitdə çoxaldılması istiqamətində xüsusi proqram həyata keçirilib.
2026-cı ilin oktyabrında London zooparkında bu növə aid 15 bala dünyaya gəlib. Bu, Afia Birago qurbağasının insan nəzarəti altında ilk uğurlu çoxalma hadisəsi kimi qiymətləndirilir. Təxminən 5 millimetr uzunluğunda olan balaların doğulması növün qorunması istiqamətində mühüm nailiyyət hesab olunur.
Mütəxəssislər əldə olunan təcrübəni Qanadakı tərəfdaşları ilə bölüşürlər. Məqsəd ölkənin Kumasi şəhərində xüsusi çoxaltma mərkəzi yaratmaq, gələcəkdə isə yetişdirilən qurbağaları təbii yaşayış mühitinə qaytarmaqdır.
Qeyd edək ki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatlarına görə, dünyadakı amfibiya növlərinin təxminən 40 faizi nəsli kəsilmək təhlükəsi ilə üzləşir. Afia Birago qurbağasının qorunması isə beynəlxalq elmi əməkdaşlığın biomüxtəlifliyin mühafizəsində rolunu bir daha göstərir.
03:00 30.11.2026
Oxunuş sayı: 43