Quranın tərcüməsini oxuyan, Quran oxumuş sayılmır - İlahiyyatçı
Namazın hansı dildə qılınması məsələsi İslamda ibadətin forması və dini mətnlərin orijinal dili ilə bağlı müzakirə olunan mövzulardandır. Xüsusilə Azərbaycan dilində namaz qılmağın mümkün olub-olmaması zaman-zaman ictimaiyyət arasında suallar doğurur. Bəs Azərbaycan dilində namaz qılmaq olarmı? Olmazsa, nə üçün olmaz?
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, İslamda mövcud olan beş böyük məzhəbin heç birində namazın ana dilində qılınmasına icazə verilməyib:
“İslam dinində Peyğəmbərimiz zamanından bəri əmələ gələn, formalaşan beş böyük məzhəbimiz var. Bu beş böyük məzhəbin heç birində namazın ana dilində qılınmasına alimlər icazə verməyib. Fiqhi olaraq heç bir millətin öz ana dilində namaz qılması ilə bağlı fətvası yoxdur. Bunun çox fərqli səbəbləri var. Öncədən onu söyləyək ki, Allah Rəsulu buyurur ki, mən namazı necə qılıramsa, siz də elə qılın. Bir hədisi-şərif var. Qurani-Kərimdə Rəbbimiz bir yerdə deyir ki, sizə əmr olunandan, yəni Qurani-Kərimdən oxuyun. Ümumiyyətlə, tərcümələr Quran deyil. O, Quranın tərcüməsidir, çevirməsidir. Bu baxımdan hər hansı bir namaz qılan əgər öz dilində Quranın çevrilmiş halını oxumuş olarsa, Quranın tərcüməsini oxumuş olur, orijinal mətni oxumuş hesab sayılmır”.

A.Hacıbəyli qeyd edib ki, işin daha vahiməli tərəfi ondan ibarətdir ki, bu gün yer üzərində iki milyarda yaxın müsəlman yaşayır: “Onsuz da bilirsiniz ki, müsəlman dünyasında çox böyük bir parçalanma, həmrəylik əvəzinə parçalanma yaranıb. Və namaz bizi birləşdirən, azan bizi bir araya gətirən, həcc bizi vəhdət halına gətirən ibadətlərdən sayılır. Əgər hər kəs fərdi namaza oturarsa, öz ana dilində namaz qılmağa başlayarsa, bu, gördüyünüz miqyasda böyük bir problemə çevrilmiş olacaq. Ona görə alimlərimiz o dövrdə Peyğəmbərimiz əleyhissəlatu vəssəlamın hədislərinə istinadən bu parçalanmaları kökündən həll eləmiş, ümməti birliyə, vəhdətə dəvət etmişdi. Ona görə də namaz kimi önəmli bir ibadət orijinal mətnlə, yəni Qurani-Kərimin ayələri üzərindən qılınar. Amma qaldı ki, insanların zikrləri, duaları, iç səsləri, münacatları, təbii ki, bunda bir problem yoxdur. Namazından sonra otursun, duasını eləsin Azərbaycan dilində, zikrlərini eləsin Azərbaycan dilində, Rəbbə öz qəlbini, ruhunu, dərdini söyləsin Azərbaycan dilində. Amma namaz məsələsinə gəlincə, bir daha söyləyirəm ki, mətn ərəbcə mətndir, yəni Fatihə oxunur oradan və Qurani-Kərimin ayələrindən, qısa surələrdən oxunur və bu şəkildə namaz əda olunur”.
Zərnigar Hüseynli
16:30 25.08.2026
Oxunuş sayı: 35