Avropa

Ukrayna NATO-ya üzv olur?

Ukraynanın NATO-ya üzvlük məsələsi beynəlxalq arenada geniş müzakirə mövzusudur. Məlumata görə, 4 ölkə tərəfindən etirazlar var. Slovakiya və Macarıstanla yanaşı, Almaniya və ABŞ-da Ukraynanın alyansa dəvət olunmasına qarşıdır. Ukraynanın NATO-ya üzvlüyü təkcə regional deyil, qlobal miqyasda təhlükəsizlik və sabitlik məsələlərini yenidən müəyyənləşdirəcək kritik bir addımdır. Bu proses müharibədən sonrakı vəziyyətin gedişatına təsir göstərə bilər. Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarların qəbul edilməsində Rusiyanın təsiri hansı səviyyədədir? Ukraynanın NATO-ya üzv olması üçün hansı dəyişikliklər və addımlar tələb olunur?

Məsələ ilə bağlı Crossmedia.az saytına açıqlama verən politoloq Vaqif Hüseyn bildirib ki, hazırda Ukraynanın NATO-ya üzvlüyü məsələsi mümkün görünmür:

“Hələ, 2022-ci ildə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bu barədə açıqlamasında bildirib ki, Ukrayna NATO-ya və ya Avropa Birliyinə üzv olmaq istəyirsə, Rusiya ilə müharibəni dayandırılmalıdır. Belə bir vaxtda Ukraynanın NATO-ya üzvlüyü, NATO-nun artıq həm faktiki, həm də hüquqi olaraq, müharibəyə daxil olması deməkdir. Hazırda, NATO üzvləri içərisində fikir birliyi olmadığı üçün bu hadisənin baş tutacağı mümkün görünmür. Yalnız, müharibə bitdikdən sonra Ukraynanın NATO-ya üzvlüyü müzakirə oluna bilər”.

Politoloq Türkiyənin NATO-ya üzvlüyü məsələsinə də toxunub:
“O dövrlərdə müharibə olmasa da, Türkiyənin özünümüdafiəyə ehtiyacı var idi. Türkiyə vaxtında addım ataraq, özünü SSRİ-nin təzyiqindən qorumağı bacardı və NATO-ya üzvlüyünə qərar qəbul olundu. Əgər NATO ölkələri Ukraynanı qorumaq niyyətindədirlərsə, bunu daha öncə etməli idilər. Ertələməklə, Ukrayna və Rusiyanı bir növ üz-üzə qoydular. Hər halda müharibənin bitməsini gözləməliyik”.

Gülay Məmmədova

12:49 04.12.2024

Oxunuş sayı: 7706

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR