Rusiya tərəfindən döyüşən filippinli döyüşçü öldürülüb
Donetsk vilayətində Rusiya işğalçı qüvvələrinin tərəfində döyüşən Filippin vətəndaşı olan əcnəbi muzdlunun məhv edildiyi bildirilib.
Crossmedia.az "RBK Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Hərbi kəşfiyyatın məlumatına görə, məhv edilənlər arasında Filippin vətəndaşı Con Patrikin cəsədi aşkar edilib. O, Rusiya Silahlı Qüvvələrinin 20-ci Ümumqoşun Ordusunun tərkibində olan 144-cü motoatıcı diviziyanın 283-cü alayının 3-cü batalyonunun 9-cu hücum rotasında xidmət edib.
Əcnəbi muzdlunun ölümü Donetsk vilayətinin Kramatorsk rayonunda yerləşən Novoselovka yaşayış məntəqəsi yaxınlığında həyata keçirilən, “ət maşını hücumu” adlandırılan əməliyyat zamanı baş verib. Onun üzərində yalnız silah, döyüş sursatı və bölmənin nömrəsi ilə komandirin əlaqə məlumatları yazılmış bir kağız tapılıb. Məlumata görə, muzdlunun rus dilini bilmədiyi də müəyyən edilib.
Müsadirə edilmiş elektron cihazlardan əldə olunan məlumatlara əsasən, filippinli muzdlunun ilkin hərbi hazırlığı cəmi bir həftə davam edib və bundan sonra lazımi hazırlıq olmadan birbaşa ön cəbhəyə göndərilib. Yaralandıqdan sonra isə onun evakuasiyası həyata keçirilməyib.
Rusiya xarici vətəndaşları və əmək miqrantlarını sistemli şəkildə aldadaraq və ya təzyiq göstərərək silahlı qüvvələrinin sıralarına cəlb edir. Onlara arxa cəbhədə xidmət vəd edilir və ya hüquq-mühafizə orqanları ilə problemlərlə hədələnirlər.
Ukrayna kəşfiyyatı xarici vətəndaşları Rusiya Federasiyasına səfər etməkdən və orada, xüsusilə də qeyri-leqal işləməkdən çəkinməyə çağırır. Çünki bu cür səfərlər heç bir hazırlıq və yaşamaq şansı olmadan məcburi şəkildə döyüş əməliyyatlarına cəlb olunmaqla nəticələnə bilər.
18:45 26.01.2026
Oxunuş sayı: 489