Erməni siyasətçi Hakan Fidan haqqında: Onun səsləndirmədiyi məqamlar önəmlidir
Türkiyə Ermənistanın hazırkı hakimiyyətinin qarşıdan gələn parlament seçkilərində məğlub olması halında siyasətini yenidən nəzərdən keçirə biləcəyinə işarə edib.
“Crossmedia.az” xəbər verir ki, siyasi texnoloq Vigen Akopyan “Sputnik Ermənistan” multimedia mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
15 yanvar tarixində Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında Ermənistandakı qarşıdan gələn seçkilər mövzusuna toxunaraq belə deyib:
“Biz görürük ki, Paşinyan (red:Ermənistan Baş Naziri Paşinyan)hazırda ictimai rəy sorğularında liderdir. Biz, həqiqətən, onun oynadığı konstruktiv rolu dəstəkləyirik. Bu xətt, bu iradə davam etməlidir”.
Akopyanın fikrincə, Fidanın dediklərindən daha çox səsləndirmədiyi məqamlar önəmlidir.
“Fidan Türkiyənin Nikol Paşinyanın siyasi kursunu, sülh gündəliyini dəstəklədiyini deyəndə, bununla indiki hakimiyyətlərə yalnız yenidən seçilə bildikləri müddətcə kömək edəcəklərini işarə edir. Əgər başqa qüvvələr – “revanşist” kimi qiymətləndirilən qüvvələr qalib gəlsə, Ankaranın və Bakının siyasəti dəyişə bilər”, – deyə ekspert qeyd edib.
Siyasi texnoloqun sözlərinə görə, buna misal olaraq Bakının “Qərbi Azərbaycan” adlandırdığı əraziyə azərbaycanlıların maşınlarla gəlməyə hazır olduqları barədə bəyanatları göstərmək olar. Ermənistanda başqa qüvvələr qalib gəlsə, Ankara və Bakının ritorikası dəyişə bilər.
Siyasi texnoloq istisna etmir ki, seçkilər yaxınlaşdıqca belə bəyanatlar daha açıq və birbaşa şəkildə səslənəcək.
“Əslində onlar Paşinyanın “sülh gətirən” olduğu, digərlərinin isə “müharibə partiyaları” olduğu tezisini dəstəkləməyə çalışacaqlar”, – deyə Akopyan bildirib.
Ekspertin fikrincə, Fidan Paşinyana açıq-aşkar dəstəyin müxalifət üçün əlavə arqument olacağının fərqində idi,yəni indiki baş nazirin Ermənistanı Türkiyənin proksisinə çevirdiyi iddiası irəli sürüləcək.
Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, “rus imperiya xəritələrində Sevan gölü yoxdur, Göyçə var” və Ermənistan SSR-də yaşayan azərbaycanlılar “tanklarla deyil, maşınlarla geri qayıtmalıdırlar”.
Ceyran İsmayılzadə
15:55 26.01.2026
Oxunuş sayı: 522