Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak qlobal təhlükəsizlik və beynəlxalq münasibətlərdə köklü dəyişikliklərin baş verdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, dünya artıq qaydalara əsaslanan sistemdən uzaqlaşaraq güc amilinin ön plana çıxdığı yeni mərhələyə daxil olub. Sunak qeyd edib ki, “Pax Americana” – ABŞ-nin qlobal liderliyinə söykənən dünya düzəni tədricən yox olur və Vaşinqtonun beynəlxalq arenadakı rolu dəyişir.
Keçmiş baş nazir vurğulayıb ki, çoxqütblü dünya nizamı sürətlə güclənir. Bu prosesdə Hindistan və Körfəz ölkələri kimi öz baxışları və maraqları olan dövlətlər daha fəal mövqe tuturlar.
Sunak həmçinin Avropada təhlükəsizlik risklərinin artdığına diqqət çəkib. Onun sözlərinə görə, son bir ildə Avropada hibrid fəaliyyətlərin sayı dörd dəfə artıb və bu təxribatların əhəmiyyətli hissəsi Rusiyadan qaynaqlanır.
“İkinci Dünya Müharibəsindən bəri indiki qədər çox dövlətlərarası münaqişə görməmişik. Bu, tamamilə yeni geosiyasi mühitdir və son dərəcə təhlükəlidir”, – deyə Rişi Sunak bildirib.