ABŞ-nin yeni müdafiə strategiyası AÇIQLANDI
Pentaqon ABŞ-nin 2026-cı il Milli Müdafiə Strategiyasını təqdim edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Strategiyanın əsas şüarı “Amerika Birinci. Güc vasitəsilə sülh” kimi müəyyənləşdirilib.
Sənəddə qeyd olunur ki, ABŞ artıq müdaxiləçilik, bitməyən müharibələr, rejim dəyişikliyi və dövlət quruculuğu kimi yanaşmaları prioritet saymayacaq. Bunun əvəzinə, Amerika xalqının konkret və praktik milli maraqları ön plana çəkiləcək.
Strategiyaya əsasən, ABŞ güc vasitəsilə sülh siyasətini dəstəkləyəcək. Pentaqon vurğulayır ki, Vaşinqton müharibənin qarşısını almaq üçün həm “qılınc”, həm də “qalxan” rolunu oynayacaq, sülhə üstünlük veriləcək, lakin ölkənin maraqları tələb edərsə, müharibə aparmağa və qalib gəlməyə hazır olacaq. Bu yanaşmanın təcridçilik olmadığı, əksinə təhlükələrə qarşı məqsədyönlü və strateji realizmə əsaslandığı bildirilir.
Sənəddə həmçinin qeyd edilir ki, ABŞ müttəfiqlərlə əməkdaşlığı davam etdirəcək, lakin onların məsuliyyətsiz qərarları nəticəsində yaranan təhlükəsizlik boşluqlarını öz hesabına doldurmayacaq. Pentaqon bundan sonra əsas diqqəti amerikalıların maraqlarına birbaşa təhdid yaradan ən mühüm və təhlükəli risklərə yönəldəcək.
Milli Müdafiə Strategiyasında vurğulanır ki, hərbi etika bərpa ediləcək, Birləşmiş Qüvvələr yenidən formalaşdırılacaq və ABŞ-nin düşmənləri Vaşinqtonun bu təhdidlərə qətiyyətli cavab vermək əzmindən və imkanlarından heç vaxt şübhə etməməlidir.
12:23 24.01.2026
Oxunuş sayı: 481