Rəsmi Paris ancaq quru bəyanatlar verir - AÇIQLAMA
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Crossmedia.az-a açıqlamasında Fransa və Rusiya arasındakı gərginliyə, iki dövlət arasındakı müharibə ehtimalına toxunub:
"Rusiyanın indiki zamanda Fransa və ya hər hansı bir NATO ölkəsi ilə müharibəyə girmək ehtimalı inandırıcı görünmür. Çünki belə bir hal NATO-ya Rusiyaya qarşı savaş açmaq üçün real imkanlar verəcək. Bu isə Rusiyanın marağında deyil. Biri var bu və ya digər ölkənin Ukraynaya ötürdüyü silahlarla Ukrayna ilə vuruşasan, biri də var silah ötürən dövlətləri hədəfə alasan.
Fransa-Rusiya münasibətlərindəki gərginlik təbiidir. Bu gərginlik Makronun “Fransa Ukraynaya əsgər göndərə bilər” kimi reallıqdan uzaq bəyantlarından sonra özünün ən pik səviyyəsinə çatdı. Amma o zaman belə bu, Rusiyanın Fransaya qarşı müharibə açmasına gətirib çıxarmadı.
Burada bir məqam da var ki, Fransa tərəfi hər nə qədər də “Biz Ukraynanı davamlı və intensiv şəkildə dəstəkləyəcəyik” desə də Makron hakimiyyətinin bu ritorikası populizmdən başqa bir şey deyil. Belə ki, istər Ukraynaya ötürülən silah və texnika baxımından, istərsə də ayrılan maliyyə yardımı baxımından Fransa Avropa İttifaqı ölkələri arasında ilk onluqda belə qərarlaşmır".
Politoloq açıqlamasında bu ilin fevral ayında Fransa və Ukrayna Prezidentləri Emmanuel Makron və Volodimir Zelenskinin imzaladıqları ikitərəfli təhlükəsizlik sazişinə də diqqət çəkib:
"Fransa və Ukrayna prezidentlərinin imzaladıqları sazişin bir hissəsi olaraq Fransa 2024-cü ildə Ukraynaya 3 milyard avroya qədər əlavə hərbi yardım göstərməyi öhdəsinə götürdü. Amma Fransa bu öhdəliyini belə yerinə yetirə bilmədi və ilin sonuna ancaq 2 milyard avro vəsait ayıra biləcəyi məlum oldu.
Uzaqmənzilli SCALP raketlərinə gəldikdə isə Fransa indiyə qədər Ukraynaya cəmi 10 "SCALP" raketi verib. Paris daha 40 ədəd tədarük etməyi öhdəsinə götürsə də bu raketlər hələ də Ukraynaya çatdırılmayıb. Çünki öhdəlik götürmək başqa, bu raketləri vermək isə başqa məsələdir. Fransanın özünün arsenalında da bu raketlərin sayının elə də çox olmadığını nəzərə alsaq görərik ki, rəsmi Paris ancaq quru bəyanatlar verir.
Bunu Rusiya da yaxşı bilir və odur ki, Fransanın bu və ya digər bəyanatlarına da elə bəyanatla cavab verir".
Ekspert sonda gələcəkdə Fransa tərəfinin birbaşa müharibədə iştirakla bağlı addımlar atacaqsa, Rusiya tərəfinin də buna uyğun cavab addımları atmalı olacağını, indiki halda isə buna ehtiyacın olmadığını vurğulayıb.
Banuçiçək Kalbalıyeva
18:15 25.11.2024
Oxunuş sayı: 8699