Belçika “yox” dedi, Fransa tərəddüd etdi – Ukrayna milyardları gözləyir

Kopenhagen görüşündə Avropa İttifaqı liderləri (Aİ) Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına 140 milyard avroluq kredit ayrılması məsələsində ortaq qərara gələ bilməyiblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Qeyd olunub ki, əsas səbəb Belçikanın etirazı olub. Çünki dondurulmuş aktivlərin böyük hissəsi Brüsseldə yerləşən Euroclear maliyyə qurumunda saxlanılır. Bundan əlavə, Fransa və Lüksemburq hüquqi nəticələrdən narahatlıq ifadə ediblər.
Qısa müzakirə zamanı bəzi liderlər planın prinsipial olaraq dəstəklənə biləcəyini desələr də, Avropa Komissiyasına hüquqi və maliyyə risklərini yenidən qiymətləndirmək tapşırılıb.
Planın şərtlərinə görə, Ukrayna vəsaiti indi əldə edir. Müharibə başa çatdıqdan və Rusiya reparasiya ödədikdən sonra isə Kiyev bu pulları Aİ-yə geri qaytarmalıdır. Daha sonra Aİ həmin vəsaiti Euroclear-a ödəyəcək.
Beləliklə, Aİ aktivləri birbaşa müsadirə etmək əvəzinə, onları zəmanət mexanizmi kimi istifadə etməyi nəzərdən keçirir. Amma bu yanaşma da üzv ölkələr arasında fikir ayrılığı yaradıb.
Mehriban İbrahimli
15:32 02.10.2025
Oxunuş sayı: 1063