Bu, ölkələrimizə sülh gətirmiş tarixi hadisədir - Paşinyan

“Bizim yeni doğulmuş sülhümüz artıq 1 ay 22 günlükdür və biz onun qayğısına qalmalı, onu qoruyub bəsləməli, böyüməsini və möhkəmlənməsini təmin etməliyik. Bu kontekstdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və münaqişə nəticəsində əsir düşənlərin məsələsinin həlli də mühüm əhəmiyyət daşıyır”.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 30-da AŞPA-nın payız sessiyasında çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, 2021-ci il növbədənkənar parlament seçkilərində Ermənistan xalqı öz seçki mesajını formalaşdıraraq, onu hakim çoxluğa etibar edib, həmin mesajda sülh xalqın seçki proqramının əsas məqamı olub.
Paşinyan qeyd edib ki, hökumət bu mesajı Ermənistan hökumətinin fəaliyyət proqramında xalq qarşısında götürülmüş ən mühüm öhdəlik kimi təsbit edib.
Paşinyan məmnunluqla bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub.
“Deyə bilmərəm ki, bu, yalnız Ermənistan hökumətinin və erməni xalqının nailiyyətidir. Bu, eyni dərəcədə həm də Azərbaycan hökumətinin və Azərbaycan xalqının nailiyyətidir. Əgər belə olmasaydı, sülh olmazdı. Bu, eyni dərəcədə həm də Ermənistan və Azərbaycan parlamentlərinin nailiyyətidir”, - deyə o qeyd edib.
Paşinyanın qiymətləndirməsinə görə, 2025-ci il avqustun 8-nə olan vəziyyətə əsasən Ermənistan və Azərbaycan artıq böyük işlər görüblər.
“2024-cü ildə ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında 12 kilometrdən artıq sərhəd xətti müəyyənləşdirilib, iki ölkənin sərhədin müəyyənləşdirilməsi üzrə komissiyalarının birgə fəaliyyətinə dair qaydalar imzalanıb və təsdiqlənib, həmin sənəddə 1991-ci il Alma-Ata Bəyannaməsi əsas prinsip kimi təsbit olunub.
Bundan əlavə, 2025-ci ilin martında
Ermənistan və Azərbaycan danışıqların başa çatdığını və iki ölkə arasında
sülhün və dövlətlərarası münasibətlərin qurulması barədə saziş layihəsinin
razılaşdırıldığını elan etdilər. Lakin ABŞ prezidenti Donald Trampın şəxsi
iştirakı və onun şəxsi səyləri olmadan, biz Azərbaycan Prezidenti İlham Əliyevlə
bu ilin avqustun 8-də əldə etdiyimiz nəticəyə nail ola bilməzdik. Ağ Evdə Ermənistan
və Azərbaycan arasında sülhün bərqərar olunmasını təsbit edən Bəyannamə qəbul
olundu. Prezident Tramp da həmin bəyannaməni şahid qismində imzaladı. Prezident
Trampın, Azərbaycan Prezidentinin və mənim iştirakımla hər iki ölkənin xarici
işlər nazirləri Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası
münasibətlərin qurulması barədə sazişi parafladılar. Bu, ölkələrimizə sülh gətirmiş
tarixi hadisədir. Lakin, mənim daha əvvəl də qeyd etdiyim kimi, sülh nə tətil,
nə də istirahətdir, sülh gündəlik işdir, sülh gündəlik qayğı tələb edir”, - deyə
Paşinyan vurğulayıb.
19:24 30.09.2025
Oxunuş sayı: 920