Təkcə tədris proqramı yox təhsil sistemi də, müəllimlər də yenilənməlidir - Professor

Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib ki, Azərbaycan universitetlərində tədris proqramlarının yenilənməsi artıq qaçılmaz bir zərurətdir. Qloballaşan dünyada əmək bazarının tələbləri sürətlə dəyişir, yeni ixtisaslar meydana çıxır, mövcud bilik və bacarıqlar isə daim təkmilləşdirilməyə ehtiyac duyur. Bu baxımdan, universitetlərdə köhnəlmiş fənn proqramları və ənənəvi yanaşmalar gənclərin rəqabətədavamlı mütəxəssis kimi formalaşmasına mane ola bilər. Nazirin sözlərinə görə, tədris proqramlarının yenilənməsi həm nəzəri biliklərin müasir tələblərə uyğunlaşdırılmasına, həm də praktik bacarıqların artırılmasına xidmət etməlidir. Çünki ali təhsil yalnız diplom vermək deyil, gəncləri əmək bazarına hazır vəziyyətdə yetişdirmək missiyasını daşıyır. Bu istiqamətdə görüləcək islahatlar həm universitetlərin beynəlxalq reytinqlərdə mövqeyini gücləndirəcək, həm də Azərbaycan gənclərinin qlobal əmək bazarında uğur qazanmasına şərait yaradacaq.
Mövzu ilə bağlı professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlama verib: “Əlbəttə mən nazirin fikri ilə tam şərikəm ki, ali məktəblərdə bütün tədris proqramları yenilənməlidir. Təkcə tədris proqramı yox təhsil sistemi də, müəllimlər də yenilənməlidir. Köhnə təfəkkürlü insanlar auditoriyaya girə bilməz. Onlar tələbəyə heç nə vermir, əksinə onların beynini zəhərləyir. O adamda ki, yenilik, müasirlik, texnologiya bacarığı, ixtisasını bilməmək varsa biz onu auditoriyaya buraxmamlıyıq. Təhsil bu millətin canı, qanı hər şeyidir. Ona görə də buna ciddi diqqət yetirilməli, bütün sahələrdə təhsil proqramları yenilənməlidir. Çünki indiki tədris proqramları müasir tələblərə cavab vermir. Köhnə fənnlər yeni adla əvəzlənir lakin mahiyyət eyni qalır. Bu da tələbəyə heç nə vermir. Bakalavr da, magistratura da bu cür olmalıdır. Tədris ümumiyyətlə yenilənməlidir. Belə olmasa bizim verdiyimiz təhsil heç kimə lazım olmayacaq”.
Ayhan
19:01 30.09.2025
Oxunuş sayı: 1104