Şagirdlərə ekoloji biliklər də tədris olunmalıdır- TƏKLİF

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, iqlim dəyişiklikləri məktəblərdə yalnız elmi fənn kimi deyil, uşaqların münasibət və davranışlarını formalaşdıran bir mövzu kimi tədris olunmalıdır.
Nazir vurğulayıb ki, iqlim dəyişiklikləri ilə bağlı mövzular riyaziyyat, kimya, biologiya, ədəbiyyat kimi müxtəlif fənlər çərçivəsində uşaqlara təqdim olunmalıdır:
"Burada əsas məsələ elmi bilik deyil, münasibət və düşüncə tərzinin formalaşdırılmasıdır. Elm bundan sonra yaranır. Uşaqlara iqlim dəyişikliklərinə yanaşmanı öyrətmək onların gələcəkdə məsuliyyətli və informasiya əsaslı qərarlar verməsinə kömək edəcək".
Nazirin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi şagirdlərə bu istiqamətdə lazımi bilgilərin çatdırılmalı olduğunu qeyd edib : "Riyaziyyat, kimya, biologiya, ədəbiyyat, tarix və digər fənləri tədris edərkən iqlim dəyişiklikləri mövzusuna da toxunmalıyıq. Müəyyən tapşırıqlarda və çalışmalarda iqlim dəyişikliklərinin necə yarandığı, onların təsiri, səbəbləri və nəticələri barədə məlumat verilməlidir. Şagirdlərə bu istiqamətdə lazımi bilgilər çatdırılmalıdır. Onlar dərk etməlidirlər ki, iqlim dəyişikliklərinə səbəb olan amillərə yol vermək olmaz. Məsələn, plastik qabları istifadə etdikdən sonra yerə atmaq düzgün deyil. Həmçinin məişət tullantılarını küçələrə atmaq, meşə sahələrində yanğına şərait yaradan hərəkətlər etmək, su hövzələrini çirkləndirmək yolverilməzdir. Belə məsələləri şagirdlər ilk təhsil pilləsindən etibarən mənimsəməlidirlər. Bu mənimsətməni təmin edən əsas tərəf isə təbii ki, müəllimlərdir. Əvvəlcə şagirdlərə bu biliklər aşılandıqdan sonra müxtəlif elmi müzakirələr də aparmaq mümkündür. Çünki bizim insanlarımızda ekoloji mədəniyyət formalaşmalıdır. Təəssüf ki, bu gün insanların böyük əksəriyyətində ekoloji mədəniyyət lazımi səviyyədə deyil".
Ekspert, həmçinin ekoloji yanaşma kifayət qədər zəif olduğunu bildirib: "Ümumən bu zəifliyi təhsil vasitəsilə aşılamaq və düzgün vərdişlər formalaşdırmaqla aradan qaldırmaq olar".
Elmir Heydərli
12:57 30.09.2025
Oxunuş sayı: 1053