“Yüksəliş” qalibi: “Səhvlərimdən dərs çıxardım və qalib oldum”

Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Növbəti müsahibimiz Fərid Mustafayevdir.
- Fərid müəllim, əvvəlcə özünüz barədə məlumat verərdiz...
-1993-cü ildə Qazax rayonunda anadan olmuşam və orta təhsilimi orada almışam. 2010-cu ildə qəbul imtahanında Prezident təqaüdünə layiq görülərək Bakı Mühəndəslik Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasına qəbul olmuşam. 2012-2015-ci illərdə xaricdə təhsil proqramı vasitəsilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Mançester universitetində “Mühasibət uçotu və maliyyə” ixtisası üzrə bakalavr təhsil almışam. Karyeram, demək olar ki, bütövlükdə bank sektoru ilə bağlıdır. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankında Model risklərinin idarə edilməsi şöbəsinin rəhbəri vəzifəsində çalışıram.
- Necə oldu ki, “Yüksəliş” müsabiqəsinə müraciət etməyə qərar verdiniz?
- Düzü, mən bu layihədən nisbətən gec xəbər tutmuşdum. Birinci müsabiqə COVİD-19 pandemiyası dövrünə təsadüf etmişdi. Yalnız ikinci müsabiqədən sonra detallı məlumat öyrəndim. Üçüncü Yüksəliş müsabiqəsində iştirak edən dostlarımdan birinin qalib olması məni daha da ruhlandırdı. Növbəti dəfə özümü sınamaq qərarına gəldim və yarımfinal mərhələsinədək irəliləsəm də, final mərhələsinə keçə bilmədim. Sonra yarımfinal mərhələsindəki səhvlərimi təhlil etdim, dərs çıxartdım və onların üzərində işlədim. Nəticədə, beşinci müsabiqənin qaliblərindən biri oldum.
- Konkret nə kimi səhvləri nəzərdə tutursunuz? IV müsabiqə sizə nə öyrətdi?
- Bir tərəfdən ab- havaya tam bələd deyildim. Eyni zamanda daha əvvəl bu tipli bir müsabiqədə iştirak etmədiyimə görə öz güclü və zəif tərəflərimi tam müəyyən etməmişdim. IV müsabiqə mənə nəyin üzərində çalışmağım lazım olduğunu öyrətdi. Qısası, böyük təcrübə qazandım, özümü lazımi istiqamətlərdə inkişaf etdirdim. Nəticədə IV və V müsabiqənin yarımfinal mərhələlərində topladığım ballar arasında iki dəfədən çox fərq var idi.
- Bəs beşinci müsabiqədə qalib gəlmək sizə nə qazandırdı?
- Ümumiyyətlə, fərqli sektorlardan bu qədər potensiallı insanın bir yerə yığılması özü böyük imkandır. Ölkədə ikinci belə bir müsabiqə yoxdur. İnsanlar tək biliklərini yox, həm də bacarıqlarını, təcrübələrini bölüşürlər. Eyni zamanda bu müsabiqə digər iştirakçılar kimi mənə də çox mühüm dostluqlar qazandırdı. Fərqli yanaşmalar, baxış bucaqları gördüm, öyrəndim. Finalda eyni məqsəd uğrunda mübarizə aparan fərqli sektorlardan, fərqli istiqamətlərdən olan çox yüksək potensiallı insanlarla komanda yoldaşı olub, müzakirələr aparmaq, zamanla yarışaraq nəticələrə köklənmək tamam başqa hissdir.
- Beşinci müsabiqə dövründə sizi stimuldan salan hansısa bir epizod oldumu?
- Açığı, belə bir hal olmadı. Çünki “Yüksəliş”ə təkcə qalib olmaq yox, həm də əylənmək və öyrənmək üçün qatılmışdım. Hər mərhələdən, hər “keys”dən zövq aldım, çox öyrəndim.
- Bəzən deyirlər ki, bu müsabiqədə qalib gələnlər ancaq xaricdə təhsil alanlar olur. Siz necə düşünürsünüz?
- Doğrudur, xaricdə təhsil almaq müəyyən üstünlüklər qazandırır. Amma “Yüksəliş”in belə bir tələbi yoxdur. Statistikaya baxsaq görərik ki, qaliblərin əhəmiyyətli hissəsi Azərbaycanda təhsil alanlardır. Eyni zamanda qeyd etmək istərdim ki, 10- 15 il əvvəlkindən fərqli olaraq indi xarici ali təhsil müəssisələri ilə Azərbaycan universitetləri arasındakı fərqlər yerli universitetlərimizin surətli inkişafı, beynəlxalq əmədaşlıq və təcrübə mübadilələri nəticəsində əhəmiyyətli dərəcədə azalmışdır və sevindirici haldır ki, bu tendensiya davam etməkdədir.
- Çalışdığınız sahə müsabiqənin hansısa məqamında sizə kömək oldumu?
- Qeyd etdiyim kimi, bank sektorunla çalışıram və final mərhələsində bankçılıq ilə bağlı bir “keys” var idi. Sektorda qazandığım təcrübə mənə nisbətən kömək etsə də, belə hallar epizodik xarakter daşıyır. "Keys"lərdə lazımi məlumatlar detallı şəkildə öz əksini tapdığına görə, əsasən liderlik, strateji düşüncə, komanda işi, kommunikasiya, innovativ düşüncə, qərarvermə kimi bacarıqlar qiymətləndirilir.
- VI müsabiqə ilə bağlı gözləntiləriniz, təklifləriniz nədən ibarətdir?
- Təşkilatçılıq möhtəşəmdir. Düşünürəm ki, bəzi keyslər üçün ayrılmış vaxtı artırmaq olar.
- Bəs suallar necə?
-Bu il idarəçilik bacarıqları imtahanında emosioal zəka da əlavə edilmişdi. Bu, dövrün tələbidir. Bildiyimiz kimi, süni intellektin geniş tətbiqi insanların məntiqi bacarıqlarını müəyyən qədər əvəz etməyə başlaması ilə emosial zəkanın əhəmiyyəti zaman keçdikcə artır. Düşünürəm ki, builki idarəçilik bacarıqları imtahanı müasir dövrün tələblərinə daha uyğun oldu.
- Sizcə, gənclər niyə bu müsabiqəyə müraciət etməlidirlər?
- Bəlkə də, iştirak edənə qədər tam olaraq qiymətləndirmək çətindir, amma “Yüksəliş” müsabiqəsinin bütün mərhələləri bütün iştirakçılara çox şey qazandırır. Məsələn, mənim müsabiqədə gördüklərim, öyrəndiklərim gözləntilərimdən xeyli çox oldu. Odur ki, hər kəsə şiddətlə tövsiyə edirəm. Ümumiyyətlə, “Yüksəliş” ailəsi çox böyük işlər görür.
Kənan Novruzov
12:32 21.08.2025
Oxunuş sayı: 972