BDYPİ: "Avtomobilin konstruksiyasını dəyişərək avtoxuliqanlıq edən sürücü inzibati qaydada həbs olundu"

Avtomobilin konstruksiyasında dəyişiklik edərək yollarda digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücü Baş Dövlət Yol Polisi İdarəsinin müşahidə kameraları vasitəsilə izlənilmiş və əldə olunmuş koordinatlar əsasında Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən operativ qaydada saxlanılmışdır.
Crossmedia.az xəbər verir ki, sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin qərarı ilə həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla, o inzibati qaydada həbs edilmişdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki, insan həyat və sağlamlığı üçün real təhdid hesab edilən və hərəkət iştirakçılarına açıq-aşkar hörmətsizlik ifadə edən bu cür davranışlara yol verənlərə qarşı qanunvericilik çərçivəsində ən sərt tədbirlər bundan sonrada görüləcəkdir.
11:28 19.08.2025
Oxunuş sayı: 731