Balakəndə xüsusi əməliyyat: Dağda narkotik becərən silahlı dəstə ifşa olunaraq həbs edilib



Balakən rayonunda polis əməkdaşlarının sərhədçilərlə birgə həyata
keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul
olan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə
şübhəli bilinən 6 nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti
məlumat yayıb.
Məlumata görə, çətin relyefli yüksək dağlıq ərazilərdə həyata
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 narkotik plantasiyası
aşkarlanıb.
Çətənə kollarını əkən, əvvəllər məhkum olunmuş 54 yaşlı
Tahir İsmayılov, qohumu 49 yaşlı Oktay Gülüyev və tanışları 59 yaşlı Nizami
Qarayev müəyyən olunaraq saxlanılıb.
Əraziyə baxış keçirilərkən narkotik tərkibli bitkilər,
qanunsuz saxlanılan 2 ədəd ov tüfəngi və digər maddi sübutlar aşkarlanıb. Şübhəli
şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini
bildiriblər.
Həyata keçirilən digər tədbirlərlə narkotik vasitələrin
dövriyyəsini təşkil edən və digər cinayətlər törədən daha 3 nəfər – Oruc
Orucov, Elvin Papayev və Nasir Yetimov tutulublar.
Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatla
bağlı keçirdikləri əməliyyat nəticəsində isə dağlıq ərazilərdə gizlədilən 2 ədəd
“Kalaşnikov” avtomatı və 4 ov tüfəngi də aşkar edilib. Əməliyyat-axtarış, əməliyyat-istintaq
tədbirləri davam etdirilir.
09:27 07.08.2025
Oxunuş sayı: 1138