ABŞ-dən Yunanıstana strateji addım: Donanma bazası qalaya çevrildi

Yunanıstan mediasında yer alan məlumatlara görə, ABŞ Krit adasındakı Suda körfəzində yerləşən hərbi-dəniz bazasını yüksək təhlükəsizlikli bir “qalaya” çevirib. Xəbərlərdə bildirilir ki, ABŞ bu strateji əhəmiyyətə malik bazada kritik hərbi obyektləri qorumaq məqsədilə irimiqyaslı müasir hərbi texnika yerləşdirib.
Crossmedia.az “Kathimerini” qəzetinin məlumatına əsasən, xəbər verir ki, bazada artıq Yunanıstana məxsus Patriot raketləri ilə yanaşı, ABŞ-yə aid olan M-LIDS (Kiçik Pilotsuz Uçuş Aparatlarının Məhvetmə Sistemi) və qısa mənzilli hava hücumundan müdafiə sistemləri mövcuddur.
Bu təkmilləşdirilmiş müdafiə tədbirləri çərçivəsində, İranın İsrailə atdığı ballistik raketlərin qarşısını almaqda istifadə edilən Arleigh Burke sinifli esmineslər, kiçik döyüş gəmiləri, sualtı qayıqlar və C-17, C-130 kimi yük təyyarələri də daxil olmaqla strateji hərbi texnika bazada yerləşdirilib.
Hərbi mənbələr bölgədə hücum riskinin aşağı olmasına baxmayaraq, Suda körfəzindəki hərbi varlığın strateji əhəmiyyətini nəzərə alaraq qabaqlayıcı müdafiə tədbirlərinin zəruri olduğunu bildiriblər.
Məlumata görə, ABŞ qüvvələri bazaya həm öz ölkəsindən, həm də Avropadakı mövqelərdən müdafiə sistemləri daşıyır. M-LIDS sistemləri 30 mm-lik top və İHA-ların rabitəsini pozmaq qabiliyyətinə malik olan elektron müharibə texnologiyalarını birləşdirir. Bundan əlavə, ABŞ qüvvələri qısa mənzilli AN/TWQ-1 Avenger hava hücumundan müdafiə sistemlərini də əraziyə yerləşdirib. Bu sistemlər pilotsuz uçuş aparatlarına, qanadlı raketlərə, helikopterlərə və alçaqdan uçan hava hədəflərinə qarşı istifadə olunur.
Avenger sistemləri ABŞ ordusunun 4-cü Hava Hücumundan Müdafiə Artilleriya Alayına aiddir və dünyanın müxtəlif bölgələrində yerləşdirilən Amerika hərbi qüvvələrinə müşayiət edir.
Məlumata əsasən, bu sistemlər Suda körfəzində qalmağa davam etsə də, ABŞ qüvvələri istənilən təlimatı aldıqdan sonra onları 48-72 saat ərzində dünyanın istənilən nöqtəsində istifadə edə bilir.
Xəbərdə qeyd olunur ki, bölgədəki son gərginliklər Suda körfəzinin artan strateji əhəmiyyətini ortaya qoyub. Keçən həftə sonu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dan Keyn adadakı Marathi hərbi obyektlərini ziyarət edib. Onu ABŞ-nin Altıncı Donanması və Avropa-Afrika Dəniz Qüvvələrindən nümayəndələr müşayiət edib. Ziyarət zamanı İranın hücumlarına qarşı İsrail ordusuna dəstək məqsədilə İsrail suları yaxınlığında fəaliyyət göstərən beş ABŞ gəmisindən biri olan USS Thomas Hudner güdümlü raket esminesi də limanda lövbər salmış vəziyyətdə olub.
Mədinə Cəlilova
20:30 05.07.2025
Oxunuş sayı: 886