FHN attraksionlarda monitorinqlər aparıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi yay fəsli ilə əlaqədar attraksionlarda monitorinqlər aparıb.
Crossmedia.az xəbər verir ki, agentlik insanların kütləvi şəkildə istifadə etdiyi ölkənin şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirləri həyata keçirib.
Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılır və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstərişlər, habelə tövsiyələr verilir.
Həyata keçirilən nəzarət-yoxlama tədbirləri zamanı insanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunur.
Həmçinin, həyata keçirilən tədbirlər çərçivəsində attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilir.
12:43 25.06.2025
Oxunuş sayı: 693