Yazıçılar Birliyində "Aprel yağışları" kitabı təqdim olundu






Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında filoloq-alim, şair Adilə Nəzərin “Aprel yağışları” adlı yeni kitabı təqdim olunub. Təqdimat müəllifin doğum gününə təsadüf edirdi və bu əlamətdar gündə bir araya gələn ədəbiyyat və elm cameəsinin tanınmış nümayəndələri Adilə xanımın zəngin yaradıcılıq yoluna nəzər salmaqla, həm də onun 55 illik yubileyini təbrik etdilər. Təqdimatda səslənən fikirlər müəllifin çoxşaxəli fəaliyyətini — publisistikadan poeziyaya, tədqiqatçılıqdan dramaturgiyaya qədər uzanan bədii və elmi axtarışlarını yüksək dəyərləndirdilər.
Crossmedia.az xəbər verir ki, tədbirdə açılış çıxışını edən tanınmış ədəbiyyatşünas, tənqidçi Əsad Cahangir Adilə Nəzərin şeirlərindən danışarkən onun Allaha müraciətlə yazdığı misralardan bəzilərini nümunə gətirib və bunları “bədii kəşf” adlandırıb. O qeyd edib ki, “Adilə xanımın, məsələn, Tanrıya müraciətlə “Alın gözdən yuxarıdır, / Elə yerə yaz, oxuyum.” misraları adi sözlər deyil, bu həm bir duadır, həm də yalnız şairin deyə biləcəyi dərin bir fəlsəfənin məhsuludur. Alın gözdən yuxarıda olduğu üçün insan öz taleyini oxuya bilmir. Bu misralarda düşünmək, hiss etmək, duymalı bir çağırış var. Bu, artıq danışmaq deyil, şeirin mahiyyətidir".
Əsad Cahangir çıxışında klassik ədəbiyyata da toxunaraq Füzulinin məşhur “Mən sənin ayaqlarının kölgəsiyəm” misralarını xatırladıb. O bildirib ki, “həmin bənzətmənin arxasında metaforik dərinliklə yanaşı, real elmi əsas da dayanır: “Günəş olmayan yerdə kölgə də olmur. Adilə xanımın çox sayda şeirlərini nümunə gətirmək olar ki, Füzulinin bu həqiqəti eyni reallığı və eyni poetik dillə ifadə edə bilir".
Daha sonra çıxış edən çıxış edən professor, filologiya elmləri doktoru Akif Abbasov tədbirin əhəmiyyətindən danışaraq, on illərdir bu kimi ədəbi məclislərdə iştirak etdiyini və bu ənənənin yaşadılmasının böyük dəyər daşıdığını bildirib: “Bu çox gözəl bir ənənədir. Biz yığışırıq, şeirlər, bədii əsərlər, romanlar oxunur, qiymətləndirilir, uğurlar qazanılır. Yazarlara açıq tribunalar verilir və onlar öz yaradıcılıqlarını nümayiş etdirərək oxucuya çatdırırlar.”
Akif Abbasov Adilə Nəzərin yaradıcılıq istiqamətlərindən də bəhs edərək qeyd edib ki, onun poeziyasında fəlsəfi düşüncə, akademik yanaşma hiss olunur: “Bir istiqamət kimi fəlsəfə terminləri ilə işləyir və yaxşı şeirlər yazır. Akademiyada işlədiyi dövrdən işlədiyi istiqamətin təsiri şeirlərinə də əks olunub və daha sonralar bu fəlsəfi qatlar poeziyasında daha da dərinləşib. İkinci mühüm istiqamət isə Adilə xanımın elmi tədqiqatçılıq fəaliyyətidir və mən onun bu fəaliyyətini də yüksək qiymətləndirirəm. Keçən il biz onun pyesi əsasında hazırlanmış tamaşaya da baxmışıq — çox uğurlu idi".
Tədbirdə iştirak edənlər – Yazıçı S.Alışarlı, şair Kənan Hacı, professor Lütfiyyə Əsgərzadə, ədəbiyyatşünas-tənqidçi Bəsti Əlibəyli, yazıçı-jurnalist Zemfira Məhərrəmli, Jalə Cəfərova, yazıçı Lətifə Oruc, şair Yusif Nəğməkar, Adilə Aslan, Vəli Qaraçaylı, Qalib Nuri Arif, Kəmaləddin Qədim, Südabə Səlvi, Sayad Hüseynov, eyni zamanda Mehriban Həsənova, Vurğun Həsənov, Xətai Ələsgərli və digər çıxışçılar Adilə Nəzərin Vətən, Xocalı, Şuşa və şəhidlərə həsr olunmuş şeirlərini xüsusi qeyd edib və onun bütün mövzularda, o cümlədən məhəbbət mövzusunda uğurlu nümunələr yaratdığını vurğulayıblar. Tədbirdə Vətən müharibəsi iştirakçıları da olub və Adilə Nəzər onların timsalında bütün qaziləri “Qaziləri salamlayıram” şeiri ilə salamlayıb.
Daha sonra çıxış edən digər ədəbiyyat və elm xadimləri bildiriblər ki, təqdim olunan kitab təkcə poetik mətnlərlə deyil, həm də ümumi dizayn və məzmun bütövlüyü ilə müəllifin peşəkar münasibətini əks etdirir, belə ki, kitabın redaktoru və korrektoru da müəllifin özüdür.
Çıxış edənlər Adilə Nəzərin poeziya, publisistika, dramaturgiya, tədqiqatçılıq və elmi fəaliyyəti ilə yanaşı, qəzəl janrında yazdığı poetik nümunələrdən danışıblar. Qeyd olunub ki, müəllifin fəlsəfi yanaşmaları, publisistik məqalələri və elmi məqalələri onun çoxşaxəli və dərin yaradıcılıq potensialını göstərir.
Tədbirdə Adilə Nəzərin artıq təsdiqlənmiş bir imza olduğu, əsərlərinin həm Şərqdə, həm də Qərbdə tanıdılması istiqamətində səylər göstərdiyi vurğulanıb. Həmçinin müasir Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması üçün həyata keçirilən layihələrdə yaxından iştirakında bəhs edilib və müəllifin yeni kitablarının da bu kontekstdə önəm daşıyacağı bildirilib.
Mərasimdə çıxış edənlər Adilə Nəzərə yaradıcılıq uğurları arzulayıb, bu cür ədəbi tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıblar.
20:45 26.05.2025
Oxunuş sayı: 16938