Sidneydə 23 Aprel Uşaq Bayramı beynəlxalq dostluğun simvoluna çevrildi


Avstraliyanın Sidney şəhərində 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı böyük coşqu və yüksək iştirakla qeyd olundu. Tədbirə Türkiyə, Azərbaycan, Bosniya, Şimali Kipr türkləri, tatarlar, yaponlar və sudanlı icmaların nümayəndələri qatıldılar. Bayramda dövlət rəsmiləri, təqaüddə olan ordu generalı Denis More, Sidneyin bələdiyyə başqanı, Türkiyənin baş konsulluğunun təmsilçiləri, Multikultural Nazirliyin nümayəndəsi, Avstraliya Azərbaycan Assosiasiyası və bir sıra təşkilatlar iştirak etdilər.
Crossmedia.az xəbər verir ki, tədbir çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli proqramlar, milli rəqslər və mədəniyyət nümunələri təqdim olundu. Fərqli xalqlara məxsus rəngarəng çıxışlar tədbirə xüsusi rəng qatdı. Bayramda səsləndirilən çıxışlar arasında Avstraliya Azərbaycan Assosiasiyasının rəhbəri Mikayıl Oytanın ingilis dilində etdiyi çıxış da iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Mikayıl Oyta çıxışında tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, 23 Aprel – Ulu Öndər Mustafa Kamal Atatürkün dünya uşaqlarına hədiyyə etdiyi Milli Suverenlik və Uşaq Bayramıdır. O bildirib ki, Atatürk uşaqları bir millətin gələcəyi hesab edib və onlara barış, demokratiya və müstəqillik kimi dəyərləri əmanət edib.
Mikayıl Oyta çıxışında Atatürkün məşhur sözlərini tədbir iştirakçılarına xatırladıb:
“Kiçik xanımlar, kiçik bəylər! Sizlər gələcəyin birər gülü, ulduzu və işığısınız. Ən böyük güc qəlbinizdə və zehninizdədir.”
Mikayıl Oyta vurğulayıb ki, bu sözlər bu gün də aktuallığını qoruyur və hər bir uşağın qəlbində daşıdığı sevgi, güc və ümid insanlığın gələcəyini formalaşdıracaq. O, uşaqların xoşbəxt gələcəyi uğrunda birgə çalışmanın insanlığın ümumi borcu olduğunu qeyd edib.
Sonda Mikayıl Oyta Avstraliya Azərbaycan Assosiasiyası adından bütün uşaqları və tədbir iştirakçılarını 23 Aprel Bayramı münasibətilə təbrik edib, dünya uşaqlarına xoşbəxtlik, sülh və uğurlar arzulayıb.
Sidneydə keçirilən bu bayram tədbiri mədəni müxtəlifliyin, xalqlar arasında dostluğun və sülhün ən gözəl nümunələrindən birinə çevrildi.
Fatimə Nəbiyeva
14:10 27.04.2025
Oxunuş sayı: 1242