Bişkekdə Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş mühazirə keçirilib



Aprelin 22-də Bişkekdəki Qırğızıstan Milli İncəsənət Muzeyində Azərbaycan mədəniyyət günləri çərçivəsində görkəmli sənətşünas alimlərin iştirakı ilə maraqlı mühazirələr təşkil olunub. Tədbir çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova “Mirzə Qədim İrəvani: Şərq və Avropa sənət üslublarının kəsişməsində” mövzusunda mühazirə ilə çıxış edib.
Crossmedia.az xəbər verir ki, Şirin Məlikova öz çıxışında XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış rəssam Mirzə Qədim İrəvaninin (1825–1875) həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, klassik Şərq miniatürası və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlıq nailiyyətləri ilə sintez edən rəssam, bu üslubların ahəngdar və orijinal bir birləşməsini yaradaraq Azərbaycan təsviri sənətində yeni mərhələnin əsasını qoyub.
M.Q.İrəvaninin koloritli naxışlar və ornamentli şəbəkələrlə işlənmiş, yüksək estetik gücə malik əsərləri bu gün də sənətşünaslıq baxımından yüksək qiymətləndirilir. Onun monumental portret və kompozisiyaları klassik sənət nümunələri kimi dəyərini qorumaqda davam edir.
Mühazirə konkret sənət nümunələrinin təsvirləri əsasında slayd təqdimatı ilə müşayiət olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Ayan Sədi
13:50 24.04.2025
Oxunuş sayı: 1048