Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Suraxanıda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Sabəddin oğlu Hüseynovun nəşinin qalıqları paytaxtın Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Crossmedia.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Ədliyyə və Daxili İşlər nazirliklərinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb.
Tabuta bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim edilib.
Qeyd edək ki, 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin Qızıl-Şəfəq kəndində dünyaya gələn Mübariz Hüseynov 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.
"Biz 32 ildir ki, Mübarizi axtarırdıq"
Şəhidin qardaşı Kamandar Hüseynov jurnalistlərə müsahibəsində Mübarizi sonuncu dəfə hərbi xidmətə yola salanda gördüyünü deyib: “Qardaşımı sonuncu dəfə 1993-cü il sentyabr-oktyabr aylarında görmüşəm. Xətai rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdı. Goranboy rayonunun Goran qəsəbəsinə yola düşdü. Oradan Beyləqana yollanıb, ardınca isə Cəbrayıl istiqamətində gedən döyüşlərə qoşulub. Ondan sonra qardaşımdan xəbər ala bilmədik. Döyüş yoldaşlarının dediyinə görə, Mübariz və bir neçə hərbi qulluqçu Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı düşmən mühasirəsinə düşərək şəhid olublar. Mübarizi İmişlidə naməlum şəhid kimi dəfn etmişdilər. DNT analizləri nəticəsində şəxsiyyəti müəyyənləşdirildi. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bizə zəng edərək bu barədə xəbər verdilər. Biz 32 ildir ki, Mübarizi axtarırdıq. Nəhayət ki, onu bir qəhrəman döyüşçü kimi, qayda-qanuna uyğun şəkildə Vətən torpağına tapşırdıq. Ali Baş Komandan Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdaram ki, onların əldə etdiyi Zəfər sayəsində gözü yolda qalan hər kəs öz şəhidinə qovuşur, onu yüksək səviyyədə dəfn edir. Dəfn mərasiminin təntənəli, əsl şəhid adıma uyğun şəkildə təşkilinə görə isə ayrıca minnətdarlığımı bildirirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, ordumuzun hər bir mənsubuna can sağlığı arzulayıram”.
Şəhidin əmisi oğlu Rəşid Hüseynli isə çox gənc yaşda əbədiyyətə qovuşan Mübarizin sakit təbiətli, yumşaq xarakterli olduğunu deyib. “Mübariz Cəbrayıl uğrunda gedən döyüşlər zamanı o ali zirvəni fəth etdi. Uzun illər ondan heç bir xəbər ala bilməmək hər birimiz üçün ağır idi. Çox şükür ki, gözlərimiz yollardan yığışdı. Artıq gəlib ziyarət edəcəyimiz məzarı, əbədi mənzili var. Biz onu uğrunda canından keçdiyi Vətən torpağına şəhidin adına layiq şəkildə tapşırdıq. Dövlətimizə, onun rəhbərliyinə, ordumuza minnətdarıq ki, uzun illərin nisgili sona yetdi", - deyə R.Hüseynli qeyd edib.
12:17 18.04.2025
Oxunuş sayı: 974