FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub- YENİLƏNİB



Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir.
Bu barədə Crossmedia.az nazirliyə istinadən məlumat verir.
Bildirilib ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 10-u uşaq olmaqla ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub.
Hazırda Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.
Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında mənzilin eyvanının hissələrinin qoparaq asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyət Nazirliyin xilasediciləri tərəfindən operativ olaraq aradan qaldırılıb.
10:00
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub.
Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir.
12:45 16.04.2025
Oxunuş sayı: 675