Qadın - Dünyanın ruhu və gücü
















Hər bir insanın həyatında, dünyanı dəyişdirmə gücünə sahib olan insanlar var. Bu gücün əsas mənbəyi isə qadınlardır.
8 Mart, qadınların yalnız bir gün deyil, hər gün qiymətləndirilməsi və onların həyatdakı rolunun daha dərindən dərk edilməsi üçün bir fürsətdir. Bu gün, qadının bütün dünyaya bəxş etdiyi gücü və ruhu xatırladır.
Hər bir gül, hər bir hədiyyə, qadına verilən dəyərin bir simvoludur. Amma 8 Martda ən böyük təbrik, qadının həm gündəlik həyatdakı mübarizəsini, həm də cəmiyyətə verdiyi əvəzsiz töhfəni dəyərləndirməkdir.
Şəhərdə 8 Martın rəngləri
Bu gün 8 Mart- Beynəlxalq Qadınlar Günüdür. Bakıda da bu bayramın abu-havası duyulur. Boş qalmış şəhər qıraqlarını satıcılar güllərlə, ətirlərlə və hədiyyələrlə rəngləndiriblər.Mağazaları bəzəyən buketlər isə bu gün onların əsas sahiblərinin- qadınların əllərini bəzəyir, qəlblərini şadlandırır. İnsanlar həyat yoldaşlarına, analarına, həmkarlarına gül almağa tələsirlər. Rəngarəng güllər 8 Martın simvolu halına gəlib. Hətta Bulvarda "Əziz xanımlar Bulvarın sizə hədiyyəsi var" adı altında xanımlara gül hədiyyə olunur.
Qadınlar-həyatın görünməyən qəhrəmanları
Qadınlar hər biri cəmiyyət üçün əvəzolunmaz rola sahibdir. Bu gün onların zəhməti daha çox qabardılmalıdır. Çünki qadınlar təkcə analar və həyat yoldaşları deyil, həm də elm adamları, liderlər, həkimlər, müəllimlər və gələcəyimizi formalaşdəran güclü insanlardır.
Dəyər bir günlük olmamalıdır
8 Mart, qadınların cəmiyyətdəki rolunu, onların fədakarlıqlarını xatırlamaq üçün yaxşı bir fürsət olsa da, bir çox qadınlar bu dəyərin yalnız bu günə aid olmamalı olduğunu vurğulayır. Qadınlar bir gün deyil, hər gün dəyər gözləyir.
Onlar hər gün zəhmət çəkir, mübarizə aparır, cəmiyyətə töhfə verir. Əgər qadının dəyəri həqiqətən anlaşılırsa, bu, sadəcə bayramlarla məhdudlaşmamalıdır.
Hər gün onların varlığına hörmət etməyi, haqqını tanımağı, dəstək olmağı bacarmalıyıq. Çünki qadına dəyər təkcə sözlərdə yox, gündəlik həyatda hiss olunmalıdır.
Qadın – həyatın möcüzəsi, zəiflikdəki güc və incəlikdəki müdriklikdir. 8 Mart, yalnız bir bayram deyil, hər qadının özünə layiq olduğu dəyərin və hörmətin simvoludur.
Bu gün qadının gücünü və əhəmiyyətini bir daha xatırladırıq, amma unutmamalıyıq ki, qadınlar hər zaman, hər yerdə və hər şəraitdə önəmlidir.
Crossmedia.az da bütün qadınları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, həyatlarında sevgi, hörmət və uğur arzulayır.
Pərvin Hacıyeva
18:20 08.03.2025
Oxunuş sayı: 3035