Tailandda çaydan "zombi balıqlar" aşkarlanıb
Tailandın Mekonq çayında bədənlərində qəribə şişlər, qabarcıqlar və yaralar olan, yerli sakinlərin "zombi balıqlar" adlandırdığı balıqlar aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, "South China Morning Post" bu barədə məlumat yayıb.
Məlumata görə, söhbət bədənlərində çoxsaylı qabarcıqlar və qeyri-adi çıxıntılar yaranan, üzgəclərinin rəngi dəyişən naqqa balıqlarından gedir.
Balıqların bu vəziyyətə düşməsinin çayın ağır metallarla çirklənməsi nəticəsində baş verə biləcəyi ehtimal olunur.
Ekoloqlar problemi Mekonq çayının yuxarı axınında aparılan dağ-mədən fəaliyyəti ilə əlaqələndirirlər.
Tailandlı ekoloji fəal Aombun Tipsuna xəstə balıqların fotolarını sosial şəbəkələrdə paylaşaraq çayda arsen və digər ağır metalların miqdarının artmasından narahatlığını bildirib.
Məlumata görə, yerli balıqçılarla birlikdə təxminən 60 balıq müayinə üçün toplanıb. Onlardan bir neçəsində ciddi yaralar və şişlər, digərlərində isə xəstəliyin ilkin əlamətləri müşahidə edilib.
Bununla belə, balıqlardakı dəyişikliklərin çirklənmə ilə birbaşa əlaqəsi hələ elmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, Mekonq çayı Cənub-Şərqi Asiyada milyonlarla insanın qida və dolanışıq mənbələrindən biridir.
15:29 16.11.2026
Oxunuş sayı: 109