Müəllim hazırlığında İngiltərə modeli: Azərbaycana hansı yeniliklər lazımdır?
Azərbaycan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlığın yeni
istiqamətlərindən biri təhsil, elm, innovasiya və süni intellekt sahələrində
əməkdaşlığın genişləndirilməsidir. İmzalanmış birgə bəyannamədə ali və peşə
təhsili ilə yanaşı, rəqəmsal bacarıqların inkişafı, elmi tədqiqatların təşviqi,
innovativ texnologiyaların tətbiqi və həyat elmləri sahəsində tərəfdaşlıq da
nəzərdə tutulur.
Bu əməkdaşlığın diqqətçəkən istiqamətlərindən biri səhiyyə və həyat
elmləridir. Müasir dövrdə süni intellektin tibbdə tətbiqi, xəstəliklərin erkən
aşkarlanması, tibbi məlumatların təhlili, diaqnostika və müalicə üsullarının
təkmilləşdirilməsi səhiyyənin inkişafında mühüm rol oynayır. Böyük Britaniyanın
bu sahədəki elmi və texnoloji təcrübəsi Azərbaycan üçün yeni imkanlar yarada
bilər. Bununla belə, əsas məsələ əldə olunan razılaşmaların real tibbi
layihələrə, elmi tədqiqatlara və vətəndaşların səhiyyə xidmətlərinə
əlçatanlığının yaxşılaşdırılmasına nə dərəcədə töhfə verəcəyidir.
Digər tərəfdən, təhsil və elmi əməkdaşlığın genişləndirilməsi yalnız universitetlər arasında əlaqələrlə məhdudlaşmamalı, yerli mütəxəssislərin hazırlanmasını, tibb işçilərinin bilik və bacarıqlarının artırılmasını, elmi araşdırmaların maliyyələşdirilməsini də əhatə etməlidir.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında Ingla School Baku-nun direktoru, təhsil eksperti Əzizə Fətullayeva
bildirib ki, Böyük Britaniyanın
təhsil sistemindən nümunə götürə biləcəyimiz ən mühüm istiqamətlərdən biri
təhsillə əmək bazarı arasındakı əlaqənin gücləndirilməsidir:
“Məsələn, İngiltərədə “T Level” və “Apprenticeship” kimi proqramlar
mövcuddur. “T Level” proqramı tələbələrə nəzəri biliklə yanaşı, real iş
mühitində təcrübə qazanmaq imkanı yaradır. “Apprenticeship” modelində isə
gənclər həm işləyir, həm peşə öyrənir, həm də əməkhaqqı alırlar.
Məncə, Azərbaycanda da bu yanaşmanın daha geniş tətbiqinə ciddi ehtiyac var.
Çünki bu gün əmək bazarımızda müəyyən bir paradoks müşahidə edirik. Bir
tərəfdən işəgötürənlər təcrübəli kadrlar axtarırlar, digər tərəfdən isə
universiteti yeni bitirmiş gənclərə həmin təcrübəni qazanmaq üçün hər zaman kifayət
qədər imkan yaradılmır.
Burada belə bir sual yaranır: Universiteti yeni bitirmiş gəncdən iş təcrübəsi
tələb ediriksə, o bu təcrübəni harada və necə qazanmalıdır?
Nəticədə müəyyən sahələrdə həm gənclərin iş tapması çətinləşir, həm də
müəssisələrin ehtiyaclarına uyğun kadrların hazırlanmasında problemlər yaranır.
Mən bu məsələyə xüsusilə müəllimlik peşəsinin timsalında toxunmaq istərdim.
Azərbaycanda müəllimlərin işə qəbulu üçün MİQ sistemi mövcuddur. Burada
namizədlərin fənn bilikləri, metodiki bacarıqları, peşəkar kompetensiyaları və
psixoloji hazırlığı qiymətləndirilir. Mən hesab edirəm ki, bunlar olduqca vacib
meyarlardır.
Lakin bir müəllimin yüksək imtahan nəticəsi göstərməsi onun real sinif
mühitində də eyni dərəcədə uğurlu olacağına tam zəmanət vermir.
Çünki müəllimlik yalnız fənni yaxşı bilməkdən ibarət deyil. Müəllim sinifdə
20–25 fərqli xarakterə, psixoloji xüsusiyyətə və öyrənmə qabiliyyətinə malik
şagirdlə işləməyi bacarmalıdır. Sinfi idarə etmək, uşaqlarla düzgün ünsiyyət
qurmaq, onların fərdi ehtiyaclarını anlamaq və gözlənilməz situasiyalarda
düzgün qərar vermək real təcrübə tələb edir.
Bu baxımdan İngiltərədəki müəllim hazırlığı proqramlarını da nümunə göstərə
bilərik. Məsələn, Postgraduate Teaching Apprenticeship proqramında ali təhsil
məzunları məktəbdə işləyərək həm pedaqoji hazırlıq keçir, həm də əməkhaqqı
alırlar. Bundan əlavə, yeni müəllimlər üçün ikiillik mentorluq və peşəkar
adaptasiya sistemi mövcuddur.
Mən istərdim ki, Azərbaycanda da bu təcrübələr əsasında müəllim hazırlığı
daha da inkişaf etdirilsin.
Məsələn, universiteti bitirmiş gənc müəllimlər üçün 6 aylıq və ya birillik
ödənişli adaptasiya proqramı təşkil edilə bilər. Bu müddətdə onlar təcrübəli
müəllimlərin mentorluğu, məktəb psixoloqlarının və pedaqoji mütəxəssislərin
dəstəyi ilə real sinif mühitində işləyə bilərlər.
İlk mərhələdə dərsləri müşahidə edər, daha sonra tədricən dərs aparmağa
başlayar, sinfin idarə olunmasını və uşaqlarla işləməyin praktik tərəflərini
öyrənərlər.
Burada mənim üçün digər vacib məsələ həmin proqramların ödənişli olmasıdır.
Çünki universiteti bitirən gənc artıq maddi cəhətdən müstəqil olmaq, öz
ayaqları üzərində dayanmaq və əməkhaqqı qazanmaq istəyir.
Biz gənclərdən illərlə ödənişsiz təcrübə keçməyi gözləsək, bu, onların əmək
bazarına inteqrasiyasını daha da çətinləşdirə bilər.
Əslində, Azərbaycanda dual peşə təhsili istiqamətində müəyyən işlər artıq
görülür. Lakin mən düşünürəm ki, bu yanaşmanı ali təhsil məzunlarını da əhatə
edən daha geniş və sistemli ödənişli kadr hazırlığı proqramlarına çevirmək
olar.
Universitetlər, dövlət qurumları və özəl şirkətlər bu istiqamətdə əməkdaşlıq
edərək öz ehtiyaclarına uyğun kadrların yetişdirilməsində birbaşa iştirak edə
bilərlər.
Belə proqramlar gənclərin məşğulluq imkanlarını genişləndirə,
işəgötürənlərin kadr hazırlığı yükünü azalda və tədrisin keyfiyyətinin
yüksəlməsinə kömək edə bilər.
Mənim əsas fikrim budur ki, biz əmək bazarında yalnız hazır və təcrübəli
kadr axtarmaqla kifayətlənməməliyik. Həmin kadrları yetişdirmək üçün də real
imkanlar yaratmalıyıq.
Çünki güclü əmək bazarının formalaşması ilk növbədə güclü və praktik təhsil
sistemindən başlayır”.
Məhəbbət Tərlanoğlu
12:30 16.11.2026
Oxunuş sayı: 109