Azərbaycanın geoiqtisadi gücü ilə bağlı diqqətçəkən açıqlama
Azərbaycanın geoiqtisadi əhəmiyyəti onun nominal iqtisadi göstəricilərini üstələyir.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, iqtisadi müstəvidə Azərbaycan yalnız strateji enerji resurslarına malik ölkə deyil, həm də həmin resursları regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın mühüm vasitəsinə çevirən, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edə bilən, iqtisadi müstəqilliyinə ciddi önəm verən dövlətdir: "Enerji ixracı infrastrukturu, Orta Dəhliz, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri, Xəzər dənizi vasitəsilə logistika imkanları, ciddi perspektivə malik "yaşıl enerji" ixracı Azərbaycanın geoiqtisadi əhəmiyyətini onun nominal iqtisadi göstəricilərindən daha yüksək səviyyəyə qaldırır. Bütün bunlar dövlət maliyyə sistemi və büdcə siyasəti üçün bir tərəfdən xüsusi tələblər müəyyən edir, digər tərəfdən isə müəyyən gözləntilər yaradır. Belə ki, orta güc dövlətinin büdcəsi sadəcə böyük deyil, strateji büdcə olmalıdır. Bu büdcə siyasi və iqtisadi müstəqilliyi qorumağa, xarici şoklərə qarşı maliyyə ehtiyatları yaratmağa, milli təhlükəsizliyi təmin etməyə və gələcək iqtisadi potensialın formalaşmasına xidmət etməlidir".
Bundan başqa, deputat qeyd edib ki, Azərbaycanın yeni iqtisadi modeli neft gəlirlərindən imtina deyil, onların yeni gəlir mənbələrinə çevrilməsidir: "Yeni təşəbbüslər dövlətin iqtisadi dayaqlarının, maliyyə əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir. Biz bu təşəbbüsləri və son illərdə reallaşdırılan iqtisadi transformasiyanı yeni iqtisadiyyat quruculuğu kimi qiymətləndiririk".(Report)
11:27 16.11.2026
Oxunuş sayı: 94