Husilər Qırmızı dənizin strateji boğazına nəzarəti ələ keçiriblər
Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazı ətrafındakı mövqelərindən geri çəkilib. Nəticədə İranın dəstəklədiyi husilərin strateji dəniz keçidi üzərində nəzarəti güclənib.
Crossmedia.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə bağlı qüvvələr noyabrın 15-də Bab əl-Məndəb boğazı yaxınlığındakı mövqelərindən geri çəkildiklərini açıqlayıblar.
Cənub Silahlı Qüvvələrinin nümayəndəsi bildirib ki, hərbi bölmələr Zubab hava limanı və ətraf ərazilərdən çıxarılaraq müvəqqəti paytaxt Ədənin müdafiəsinə yönəldilir.
Qərarın əsas məqsədi Ədən şəhərinin və qonşu bölgələrin təhlükəsizliyini təmin etmək, müdafiə xətlərini gücləndirməkdir.
Geri çəkilmə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin Qırmızı dəniz sahillərini husilərdən geri almaq məqsədilə başlatdığı altı həftəlik hərbi əməliyyatların uğursuzluğa düçar olduğunu göstərir.
Husilər sentyabr ayında Yəmənin qərb sahillərində geniş əraziləri ələ keçirmişdilər. Hökumət qüvvələri əks-hücum zamanı bəzi mövqeləri geri qaytarsalar da, strateji ərazilərdə möhkəmlənə bilməyiblər.
Son hadisələr husilərin Ədən istiqamətində irəliləməsi ehtimalını da artırıb.
Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və Asiya ilə Avropa arasında dəniz ticarətinin əsas marşrutlarından biri hesab olunan strateji keçiddir.
Boğaz ətrafında husilərin mövqelərinin güclənməsi beynəlxalq gəmiçilik, neft daşımaları və Süveyş kanalı vasitəsilə həyata keçirilən ticarət üçün əlavə təhlükəsizlik riskləri yaradır.
11:14 16.11.2026
Oxunuş sayı: 89