Milli Məclisin müzakirəsində olan son qanun layihəsinə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon, xərcləri 42 milyard 400 milyon, kəsiri isə 3 milyard 146 milyon manat proqnozlaşdırılır. Kəsirin ümumi daxili məhsula nisbəti 2,2 faizdir. Bu göstəricilər Azərbaycanın fiskal dayanıqlığı üçün təhlükəli hədd sayılmasa da, böyük valyuta ehtiyatlarına malik ölkənin büdcə kəsirini hansı mənbələr hesabına və hansı iqtisadi meyarlarla maliyyələşdirməsi prinsipial əhəmiyyət daşıyır.
Büdcə xərcləri nominal ifadədə indiyədək nəzərdə tutulmuş ən yüksək səviyyəyə çatır və 2026-cı ilin təsdiq edilmiş göstəricisini 1,7 faiz üstələyir. Lakin 2027-ci il üçün orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır. Bu proqnozlar reallaşarsa, xərclərin real alıcılıq gücü təxminən 3,4 faiz azalacaq. Deməli, 42,4 milyard manatlıq xərc nominal rekord olsa da, iqtisadiyyata əvvəlki ildən daha güclü real maliyyə impulsu veriləcəyini avtomatik göstərmir. Büdcənin böyüklüyü qədər onun strukturunun və hər manatın yaratdığı nəticənin qiymətləndirilməsi vacibdir.
Gəlirlərin təxminən 23,8 milyard manatının və ya 60,6 faizinin qeyri-neft-qaz sektorundan formalaşması fiskal bazanın genişlənməsi baxımından müsbət göstəricidir. Bununla belə, qeyri-neft gəlirlərinin payındakı artım iqtisadiyyatın xammal gəlirlərindən tam uzaqlaşmasının yekun sübutu sayıla bilməz. Qeyri-neft sahələrinin bir hissəsi dövlət sifarişləri, büdcə investisiyaları və neft gəlirləri hesabına yaranan daxili tələblə dolayı şəkildə bağlıdır. Həqiqi şaxələndirmə qeyri-neft gəlirlərinin artması ilə yanaşı, məhsuldarlığın, özəl investisiyanın, texnoloji istehsalın və ixrac qabiliyyətinin yüksəlməsi ilə ölçülməlidir.
2027-ci il büdcəsində ən böyük funksional pay 8 milyard 907,3 milyon manatla “İqtisadi fəaliyyət” bölməsinə ayrılır. Bu, ümumi xərclərin 21 faizidir və əvvəlki illə müqayisədə 13,4 faiz artım deməkdir. Hesablama Palatasının təhlili göstərir ki, artımın 682,3 milyon manatı iqtisadi dəstək tədbirlərinin genişləndirilməsi ilə bağlıdır, 400 milyon manatdan çox hissəsi isə məqsədli büdcə fondlarının ləğvindən sonra vəsaitlərin başqa bölmədən bu bölməyə keçirilməsindən yaranır. Buna görə 13,4 faizlik artımın hamısını iqtisadiyyata yönələn yeni maliyyə axını kimi qiymətləndirmək düzgün olmaz.
Dövlət əsaslı vəsait qoyuluşu üçün 5,3 milyard manat nəzərdə tutulması infrastrukturun və istehsal bazasının yenilənməsi üçün geniş imkan yaradır. Lakin burada həlledici göstərici əldə olunan iqtisadi nəticədir. Hər iri layihə üzrə yaradılan daimi iş yerləri, yerli satınalmanın payı, əlavə istehsal gücü, ixraca və idxalı əvəzləməyə təsiri, gələcək saxlanma xərcləri və büdcəyə qaytarılan vergi gəlirləri əvvəlcədən müəyyən edilməli, sonradan açıq şəkildə qiymətləndirilməlidir. Layihələrin detallı bölgüsünün və gözlənilən nəticə göstəricilərinin ətraflı təqdim olunması ayrılan vəsaitin səmərəliliyi barədə obyektiv nəticə çıxarmağa imkan verir.
Əsas sual büdcə kəsirinin maliyyələşdirilməsində meydana çıxır. Hesablama Palatasının rəyində kəsirin 2 milyard 731 milyon manatının, yəni 86,8 faizinin dövlət borclanması hesabına örtülməsinin planlaşdırıldığı, bunun 700 milyon manatının xarici kreditlərdən cəlb ediləcəyi göstərilir. Eyni zamanda, həmin xarici kreditlərin konkret layihələr üzrə bölgüsünün büdcə zərfində tam açıqlanmaması borclanmanın məqsədi və gözlənilən iqtisadi nəticəsi barədə suallar yaradır. 2026-cı ilin doqquz ayında xarici kreditlər üzrə illik proqnozun yalnız 14,7 faizinin icra edilməsi də yeni borclanmanın layihə hazırlığı və real maliyyə ehtiyacı ilə əlaqəsinin daha əsaslı göstərilməsini zəruri edir.
2026-cı il sentyabrın sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara yaxın, xarici dövlət borcu isə 4 milyard 509,5 milyon dollar olub. Başqa sözlə, ehtiyatlar xarici dövlət borcunu təxminən 20 dəfəyə yaxın üstələyib. Xarici borcun ÜDM-ə nisbəti 5,6 faiz təşkil edib və bu göstərici beynəlxalq müqayisədə aşağı səviyyədir. Bununla yanaşı, həmin tarixdə daxili dövlət borcu 16 milyard 230,1 milyon manata çatıb. Borc siyasətinin qiymətləndirilməsi yalnız xarici borcun azalmasına əsaslanmamalı, daxili borcun artım tempi və faiz xərcləri də eyni diqqətlə izlənilməlidir.
2027-ci ildə dövlət borcuna xidmət üçün nəzərdə tutulan 2,2 milyard manatın hamısı faiz ödənişi deyil. Qanun layihəsinə əsasən, bu məbləğin 999,3 milyon manatı faiz xərcləridir: 635,3 milyon manat daxili, 364 milyon manat isə xarici borcun payına düşür. Qalan 1 milyard 200,7 milyon manat əsas borcun və digər öhdəliklərin ödənilməsinə yönəlir. Bu bölgü göstərir ki, faiz yükü müzakirə edilərkən diqqət yalnız xarici kreditlərə yönəlməməlidir. Büdcənin gələcək imkanlarını məhdudlaşdıran faiz xərclərinin daha böyük hissəsi artıq daxili borcla bağlıdır.
Bəzən xarici borclanma belə əsaslandırılır: nisbətən ucuz kredit cəlb olunur, ölkənin ehtiyatları isə daha yüksək gəlirlə idarə edilir. Bu yanaşma yalnız borcun bütün xərcləri ilə ehtiyatların riskə uyğunlaşdırılmış xalis gəlirliliyi müqayisə edildikdə əsaslı sayıla bilər. Dövlət Neft Fondunun investisiya gəliri 2025-ci ilin ilk doqquz ayında 5 milyard 235,7 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə 3 milyard 600,7 milyon manata enib. Təxminən 31,2 faizlik azalma investisiya gəlirlərinin bazar şəraitindən asılı olaraq dəyişdiyini göstərir. Borcun faizi və qaytarılma öhdəliyi isə müqavilə ilə müəyyən olunur. Buna görə bir ilin yüksək gəlirliliyini uzunmüddətli borclanmanın daimi üstünlüyü kimi qəbul etmək ehtiyatlı yanaşma sayılmaz.
Əlbəttə, strateji ehtiyatlara adi büdcə qalığı kimi baxmaq olmaz. Mərkəzi Bankın ehtiyatları pul və məzənnə sabitliyinə, Dövlət Neft Fondunun aktivləri isə fiskal sabitləşməyə və gələcək nəsillərin mənafeyinə xidmət edir. Güzəştli şərtlərlə verilən uzunmüddətli xarici kredit texnologiya, beynəlxalq ekspertiza və risk paylaşımı gətirirsə, maliyyələşdirilən layihənin sosial-iqtisadi gəliri kreditin tam dəyərini üstələyirsə, belə borclanma əsaslandırıla bilər. Eyni qaydada daxili istiqrazlar maliyyə bazarının inkişafına və gəlirlilik əyrisinin formalaşmasına töhfə verə bilər. Lakin bu üstünlüklər hər bir borcun ayrıca əsaslandırılmasını aradan qaldırmır.
Azərbaycanın güclü maliyyə mövqeyi borclanmanı qadağan etməyi yox, onun üçün daha sərt seçim meyarları müəyyənləşdirməyi mümkün edir. Yeni borc yalnız texniki-iqtisadi əsaslandırması hazır olan, gələcək pul axını və ya ölçülə bilən ictimai fayda yaradan layihələrə yönəldilməlidir. Qərar zamanı kreditin faizi ilə yanaşı komissiyalar, valyuta riski, dəyişkən faiz riski, mümkün zəmanət öhdəlikləri və alternativ maliyyələşdirmənin dəyəri hesablanmalıdır. Bu qiymətləndirmə və sonrakı nəticələr ictimaiyyət üçün anlaşılan formada açıqlanmalıdır.
İstehsal və infrastruktur layihələrinin maliyyələşdirilməsində borca alternativ alətlər də genişləndirilə bilər. Dövlətin və özəl sektorun risk və gəliri bölüşdüyü pay iştirakı, nəticəyə bağlı maliyyələşmə, faizsiz tərəfdaşlıq fondları, uzunmüddətli satınalma təminatı və geri ödənişi layihənin yaratdığı gəlirlə əlaqələndirilən mexanizmlər real sektorun inkişafına daha birbaşa xidmət edə bilər. Belə alətlər yalnız şəffaf seçim, müstəqil ekspertiza, mərhələli maliyyələşmə, açıq hesabatlılıq və dövlətin layihədən çıxış şərtləri ilə birlikdə tətbiq olunduqda səmərəli nəticə verər.
Nəticə etibarilə, Azərbaycanın qarşısında duran əsas məsələ borcun həcmi ilə məhdudlaşmır. Əsas məsələ maliyyə resursunun hansı qiymətə cəlb edilməsi və həmin resursun ölkədə nə qədər yeni istehsal, texnologiya, ixrac, məhsuldar məşğulluq və davamlı gəlir yaratmasıdır. Güclü ehtiyatlara malik dövlət üçün borclanma rutin büdcə aləti yox, iqtisadi səmərəsi əvvəlcədən sübut edilən müstəsna seçim olmalıdır. Büdcə siyasətinin uğuru da xərclənən və borc alınan vəsaitin həcmindən çox, onun ölkənin real iqtisadi gücünə çevrilmə dərəcəsi ilə ölçülməlidir.