Əfqanıstanda idman məhdudiyyətləri genişlənib
Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” hakimiyyəti radiostansiyalara kriketlə bağlı istənilən materialın yayımlanmasını qadağan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Bildirilib ki, qadağa kriketlə bağlı xəbərləri, şərhləri, eləcə də Əfqanıstan millisinin qələbələri barədə məlumatları əhatə edir.
Qəndəharın İnformasiya və Mədəniyyət Departamentindəki mənbə qadağanın müddətsiz olduğunu deyib. İki yerli radiostansiyanın rəhbərliyi də müvafiq göstəriş aldıqlarını təsdiqləyib. Onlardan birinin sözlərinə görə, departament əməkdaşları radioya zəng edərək bundan sonra efirdə kriket barədə danışılmamalı olduğunu vurğulayıblar.
Eyni zamanda qərar “Taliban”ın əvvəllər bu idman növünə dəstək nümayiş etdirməsi fonunda diqqət çəkib. Belə ki, avqust ayında hərəkatın hakimiyyətə qayıdışının ildönümü münasibətilə ölkədə kriket yarışları keçirilib.
Bununla yanaşı, “Taliban” bir sıra digər idman növlərinə də məhdudiyyətlər tətbiq edib. Hərəkat qarışıq döyüş sənətlərini qadağan edib. Kişilərə kriket oynamağa icazə verilsə də, qadınlar və qızların idman zallarına və ümumilikdə idman fəaliyyətlərinə çıxışı məhdudlaşdırılıb.
Qəndəhar “Taliban” hərəkatı üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, hərəkatın ali liderinin iqamətgahı məhz bu vilayətdə yerləşir.
Qeyd edək ki, Əfqanıstanın kişi kriket millisi Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində Zimbabve yığması ilə ikinci test matçını keçirir.
19:04 15.11.2026
Oxunuş sayı: 131