Yəməndə 600 hərbçi əsirlikdən azad edilib
Yəməndə fəaliyyət göstərən husilər hökumət ordusunun əsir götürülmüş 600 hərbçisini birtərəfli qaydada azad edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı Husilərin Əsirlərlə İş üzrə Komitəsinin rəhbəri Əbdülqadir əl-Murtəza açıqlama yayıb.
Əl-Murtəzanın sözlərinə görə, bu, 2015-ci ildə başlayan münaqişədən bəri həyata keçirilən ən böyük birtərəfli əfv qərarıdır. Onun bildirdiyinə görə, münaqişə dövründə bu cür təşəbbüslər çərçivəsində ümumilikdə 2612 nəfər azadlığa buraxılıb.
O qeyd edib ki, azad edilənlər arasında xəstə və yaşlı hərbçilər də var. Onlardan bəziləri uzun illər əsirlikdə saxlanılıb. Azadlığa buraxılma prosesi Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə Sənada həyata keçirilib.
Husilərin nümayəndəsi əsirlərə münasibətdə qisas deyil, humanitar yanaşma nümayiş etdirdiklərini bildirib.
Əl-Murtəza, həmçinin Səudiyyə Ərəbistanını və onun müttəfiqlərini münaqişə ərzində humanitar təşəbbüslər göstərməməkdə ittiham edib. O, qarşı tərəfin nəzarətindəki həbsxanalarda əsirlərə qarşı işgəncə və pis rəftar halları qeydə alındığını iddia edib.
Husilərin komitə rəhbəri azad edilən hərbçiləri normal həyata qayıtmağa və yenidən döyüşlərdə iştirak etməməyə çağırıb.
18:00 15.11.2026
Oxunuş sayı: 149