Almaniyada avtomobil və polad sənayesində tətil elan edilib
Almaniyanın ən böyük sənaye həmkarlar ittifaqı IG Metall avtomobil və polad sənayesi müəssisələrində 24 saatlıq xəbərdarlıq tətili keçirəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” həmkarlar ittifaqının bəyanatına istinadən məlumat yayıb.
Tətil qərarına səbəb işəgötürənlərlə həmkarlar ittifaqı arasında keçirilən üç danışıqlar mərhələsində razılığın əldə olunmamasıdır.
IG Metall əməkhaqlarının 12 ay ərzində 5 faiz artırılmasını, həmçinin iş yerlərinin qorunmasını və istehsal müəssisələrinin fəaliyyətinin davam etdirilməsinə təminat verilməsini tələb edir.
İşəgötürənlər isə 2027-ci ilin iyulunda birdəfəlik 1 faiz ödəniş və 2028-ci ilin iyulundan əməkhaqlarının 1,3 faiz artırılmasını təklif ediblər. Bununla yanaşı, maliyyə çətinliyi yaşayan şirkətlərin birdəfəlik ödənişdən azad edilməsi də nəzərdə tutulub.
Həmkarlar ittifaqı bu təklifi real əməkhaqlarının faktiki azalması kimi qiymətləndirib.
Tətilin dəqiq tarixi hələ açıqlanmayıb. Məlumata görə, müəssisələrdə işçilərin səsverməsi cümə günü başlayacaq. Tətilin keçirilməsi üçün işçilərin əksəriyyətinin qərarı dəstəkləməsi tələb olunur. Razılıq əldə ediləcəyi təqdirdə, tətilin gələn həftə keçirilməsi gözlənilir.
17:58 15.11.2026
Oxunuş sayı: 141