“Nvidia”nın keçmiş rəhbərinin boşanması 70 milyard dollardan baha başa gələ bilər
“Nvidia” şirkətinin keçmiş baş direktoru Censen Huanqın həyat yoldaşı Lori Huanqla mümkün boşanması tarixin ən bahalı boşanmalarından birinə çevrilə bilər.
Crossmedia.az xəbər verir ki, “Forbes” nəşri bu barədə məlumat yayıb.
Nəşrin hesablamalarına görə, sərvəti təxminən 143 milyard dollar qiymətləndirilən Huanq boşanacağı təqdirdə həyat yoldaşı 70 milyard dollardan çox vəsait əldə edə bilər.
Cütlük 41 ildir evlidir. Onlar Oreqon Dövlət Universitetində təhsil alarkən tanış olublar. İki yetkin övladları hazırda “Nvidia” şirkətində çalışır.
Huanq ailəsi ABŞ-nin Kaliforniya ştatında yaşayır. Bu ştatın qanunvericiliyinə əsasən, nikah dövründə əldə edilmiş birgə əmlak, bir qayda olaraq, tərəflər arasında bərabər bölünür. Lakin mümkün ödənişin məbləği nikah müqaviləsindən və əmlakın hüquqi statusundan asılı olacaq.
Müqayisə üçün, “Microsoft”un həmtəsisçisi Bill Qeytslə Melinda Qeytsin boşanması zamanı Melindanın təxminən 76 milyard dollar əldə etdiyi qiymətləndirilir. “Amazon”un qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott isə 2019-cu ildə boşanma nəticəsində 38,3 milyard dollar dəyərində şirkət səhmlərinə sahib olub.
Hələlik Lori Huanqın boşanmaq niyyətində olub-olmadığı məlum deyil. Mümkün boşanma ilə bağlı bütün maliyyə hesablamaları nəzəri xarakter daşıyır.
16:12 14.11.2026
Oxunuş sayı: 184