Azərbaycanda TikTok qadağan edilə bilərmi? - AÇIQLAMA
Uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin edilməsi dünya
miqyasında aktual problemlərdən birinə çevrilib. Xüsusilə TikTok kimi geniş
istifadəçi auditoriyasına malik platformalarda azyaşlıların zərərli məzmunla
qarşılaşması, şəxsi məlumatlarının təhlükə altına düşməsi, kibertəqib və cinsi
istismar hallarına məruz qalması ciddi narahatlıq doğurur. Sosial şəbəkələr
uşaqlar üçün ünsiyyət, əyləncə və informasiya mənbəyi olsa da, nəzarətsiz
istifadə bir sıra təhlükələri də özü ilə gətirir.
Bu məsələ İspaniyada da ciddi müzakirələrə səbəb olub. Ölkənin Gənclər və
Uşaqlar naziri Sira Reqo TikTok platformasında uşaqlara qarşı cinsi istismar
xarakterli videoların aşkar edilməsindən sonra İspaniya Məlumatların Mühafizəsi
Agentliyindən platformanın ölkədə fəaliyyətinin müvəqqəti dayandırılmasını
istəyib. Nazir bildirib ki, TikTok nümayəndələri ilə aparılan danışıqlara
baxmayaraq, şirkət konkret texniki həll və effektiv nəzarət mexanizmləri təqdim
etməyib. İspaniya mediasının yaydığı məlumatlara görə, platformada uşaqların
cinsi istismarı ilə bağlı mindən çox video və bu cür materialları yayan və ya
satan 20 mindən artıq potensial şübhəli profil müəyyən edilib.
Bu hadisə sosial şəbəkələrin fəaliyyətinə dövlət müdaxiləsinin sərhədləri,
uşaqların rəqəmsal mühitdə qorunması və platformaların məsuliyyəti ilə bağlı
müzakirələri yenidən gündəmə gətirib. Məsələ yalnız İspaniya ilə məhdudlaşmır.
Azərbaycanda da uşaqlar və yeniyetmələr arasında TikTok istifadəsi kifayət
qədər geniş yayılıb. Bəzən azyaşlıların yaşlarına uyğun olmayan videolarla
qarşılaşması, təhlükəli çağırışlara qoşulması, yad şəxslərlə ünsiyyət qurması
və şəxsi məlumatlarını paylaşması valideynləri narahat edən məsələlərdəndir.
Digər tərəfdən, sosial şəbəkələrin tamamilə qadağan edilməsi də birmənalı
qarşılanmayan yanaşmadır. Belə bir addım uşaqların təhlükəsizliyini təmin
etməklə yanaşı, onların informasiya əldə etmək, ünsiyyət qurmaq və rəqəmsal
bacarıqlarını inkişaf etdirmək imkanlarına da təsir göstərə bilər. Üstəlik,
qadağaların alternativ platformalara keçid və müxtəlif texniki vasitələrlə yan
keçilməsi ehtimalı da nəzərə alınmalıdır.
Azərbaycanda da TikTok-un fəaliyyətinin məhdudlaşdırılması və ya uşaqların platformaya girişinə daha sərt yaş məhdudiyyətlərinin tətbiqi məsələsi müzakirə oluna bilər. Əsas məsələ uşaqları rəqəmsal təhlükələrdən qorumaqla onların hüquq və azadlıqları arasında düzgün tarazlığın yaradılmasıdır. Bəs Azərbaycanda TikTok-un tamamilə qadağan edilməsi çıxış yolu ola bilərmi?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev
bildirib ki, TikTok sosial şəbəkə platforması Çində yaradılsa da, onun öz ölkəsində
fəaliyyəti qadağandır:
“Çin bu platformanın analoqundan istifadə edir. Çünki Çin mütəxəssisləri
araşdırıblar ki, bu tip sosial şəbəkə platformaları uşaqlarda klip düşüncəsi,
fraqmental düşüncə sindromu yaradır, riyazi-məntiqi təfəkkürü zəiflədir. Eyni
zamanda yaşlı insanların da məişət və əmək enerjisini tükədir.
Buna görə də həm uşaqlar, həm də yaşlılar üçün sosial şəbəkə
platformalarından istifadəyə limit qoyulub. TikTok-un fəaliyyəti isə, demək
olar ki, Çində tamamilə qadağan edilib. Hesab edirəm ki, Avropa İttifaqına
daxil olan ölkələrdə də dövlət məmurlarının TikTok və bəzi digər sosial şəbəkə
platformalarından istifadəsinə qadağa qoyulub.
TikTok-a nəzər saldıqda görürük ki, burada bayağı, hüquqa və əxlaqa zidd
paylaşımlar çoxdur. Elə buna görə də xatırlayırsınızsa, ölkəmizdə dövlət
başçısının sərəncamı ilə uşaqların rəqəmsal mühitdə zərərli informasiya və
kontentlərdən qorunması ilə bağlı sənəd qəbul edildi. Həmin sərəncamda bir sıra
məqamlar xüsusi vurğulandı. Məsələn, məktəbəqədər təhsil müəssisələrində və
məktəblərdə uşaqların internetdən və sosial şəbəkələrdən istifadəsinin
məhdudlaşdırılması, eyni zamanda bu məsələlərlə bağlı mövzuların kurikulum və
proqramlara daxil edilməsi nəzərdə tutuldu. Sosial şəbəkələrdən istifadə
qaydaları, yaş həddinin müəyyənləşdirilməsi və müvafiq məhdudiyyətlərin tətbiqi
ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verildi.
Artıq Azərbaycanda bəzi məktəblərdə sosial şəbəkələrdən istifadə ilə bağlı
yaş məhdudiyyəti tətbiq olunur və digər məhdudlaşdırıcı qaydalar da mövcuddur.
Rəqəmsal platformalarda 16 yaşına çatmamış uşaqların valideyn və ya qəyyumun
məlumatı olmadan müstəqil hesab açmasına məhdudiyyət qoyulması da bu
mexanizmlərdən biridir.
Bununla yanaşı, TikTok-da bayağı, əxlaqa zidd, mənəvi və əxlaqi dəyərləri
deqradasiyaya uğradan paylaşımlar kifayət qədərdir. Süzgəc mexanizmi tam
işləmir və arzuolunan səviyyədə deyil. Burada əxlaqsız çağırışlar, psixoloji
təsirə yönəlmiş paylaşımlar, eləcə də hüquqa və əxlaqa zidd əməllərə təşviq
edən çağırışlar yer alır.
Düzdür, hüquq-mühafizə orqanları bu cür hallara qarşı müəyyən tədbirlər
görür. Ancaq hesab edirəm ki, Azərbaycan hökuməti ilə sosial şəbəkə
operatorları arasında müvafiq müqavilə bağlanması yaxşı olardı. Belə bir
mexanizm yaradılmalıdır ki, zərərli paylaşımlar sosial şəbəkələrin Azərbaycan
seqmentinə nüfuz edə bilməsin. Hesab edirəm ki, bu tədbirlərin görülməsi
mütləqdir.
Ümumiyyətlə, bəlkə də bu istiqamətdə bir qədər gecikmişik. Çünki belə
tətbiqlərdən əvvəl cəmiyyətdə müəyyən immunitet formalaşmalı, elə mexanizmlər
yaradılmalı idi ki, bu platformalar cəmiyyətin sosial xarakterinə, mənəvi və
əxlaqi dəyərlər sisteminə mənfi təsir göstərməsin.
Əsas məsələ budur ki, gecikmiş olsaq da, bundan sonra özümüzü yeni və daha dağıdıcı informasiya-kommunikasiya texnologiyalarının təsirlərindən qorumağa çalışmalıyıq. Ümumiyyətlə, neqativ paylaşımların qarşısı alınmalıdır. TikTok-dan və digər sosial şəbəkə platformalarından yalnız praqmatik məqsədlərlə istifadə imkanları olmalıdır. Bayağı və əxlaqa zidd paylaşımlar isə birmənalı şəkildə bu platformalarda yer almamalıdır”.
Məhəbbət Tərlanoğlu
17:35 13.11.2026
Oxunuş sayı: 137