Hun Manet Azərbaycanın müdafiə sənayesi müəssisələrində olub
Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycanın müdafiə sənayesi müəssisələrinin fəaliyyəti, istehsal imkanları və texnoloji potensialı ilə tanış olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hun Manet oktyabrın 13-də Azərbaycana rəsmi səfəri çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələri ziyarət edib. Görüşdə nazir müavinləri Mehman Baxışov və Hidayət Əzimov da iştirak ediblər.
Ziyarət zamanı Kamboca hökumətinin baş nazirinə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müdafiə sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, son illərdə əldə olunan nailiyyətlər və tətbiq edilən müasir texnoloji həllər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, yerli istehsal imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və yüksək ixtisaslı kadr potensialının formalaşdırılması sahənin əsas inkişaf istiqamətlərindəndir.
Hun Manetə, həmçinin müəssisələrdə aparılan modernləşmə işləri, istehsal proseslərinin müasir standartlara uyğunlaşdırılması, yeni texnoloji avadanlıqların tətbiqi və infrastrukturun yenilənməsi barədə məlumat verilib.
Səfər çərçivəsində müdafiə sənayesinin inkişaf perspektivləri və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Belə səfərlərin ölkələr arasında əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının araşdırılması baxımından əhəmiyyəti vurğulanıb.
21:06 13.10.2026
Oxunuş sayı: 44