Lavrovdan Zelenskiyə sərt mesaj: “Atəşkəsə layiq deyil”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin atəşkəs təşəbbüslərinə münasibətini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, Lavrov Zelenskinin ABŞ Prezidenti Donald Trampın atəşkəslə bağlı bəyanatına təəccüblənməsini səmimi hesab etmədiyini bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Zelenski ictimaiyyətə açıqlanan istənilən bəyanat və təşəbbüsdən hərbi əməliyyatlarda müvəqqəti fasilə əldə etmək üçün istifadə etməyə çalışır.
“Düşünmürəm ki, o, belə bir fasiləyə layiqdir. Həmçinin hesab etmirəm ki, biz növbəti dəfə verilən vədlərə və təminatlara inanacağıq”, – deyə Lavrov vurğulayıb.
Nazir Rusiyanın Ukrayna ilə bağlı atəşkəs vədlərinə ehtiyatla yanaşdığını ifadə edib.
Lavrovun sözlərinə görə, Moskva əvvəlki razılaşmalarda olduğu kimi, bu dəfə də verilən təminatlara etimad göstərmək niyyətində deyil.
Qeyd edək ki, Tramp oktyabrın 11-də Rusiya və Ukraynanın enerji infrastrukturlarına qarşılıqlı hücumları dayandırmağa razılaşdığını açıqlayıb. Zelenski isə razılaşmanın detallarından xəbərsiz olduğunu, lakin Rusiya hücumları dayandırarsa, Ukraynanın da buna hazır olduğunu bildirib. Atəşkəsin qüvvəyə mindiyi hələlik təsdiqlənməyib.
16:25 12.10.2026
Oxunuş sayı: 48