Avropadan Rusiya və Ukraynaya atəşkəs mesajı
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskinin enerji infrastrukturu və qlobal ərzaq təchizatının qorunması məqsədilə atəşkəs elan edilməsi çağırışını dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Fon der Lyayen Zelenski ilə telefon danışığından sonra “X” sosial şəbəkəsində paylaşım edərək Ukrayna və Rusiyada enerji obyektlərinə hücumların dayandırılmasının vacibliyini vurğulayıb.
O bildirib ki, Avropa İttifaqı bu həftə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün dron və raketlərin alınmasına əlavə maliyyə vəsaiti ayıracaq. Ukraynanın gələn il üçün maliyyə ehtiyacları da Avropa İttifaqı Şurasında müzakirə olunacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 11-də Rusiya və Ukraynanın bir-birinin enerji infrastrukturuna hücumları dayandırmaq barədə razılığa gəldiyini açıqlayıb. Lakin Zelenski razılaşmanın detalları barədə məlumatlı olmadığını, Rusiyanın atəşkəsə əməl edəcəyi təqdirdə Ukraynanın da buna hazır olduğunu bildirib.
Fransa Prezidenti Emmanuel Makron da enerji obyektlərinə hücumların dayandırılması təşəbbüsünü dəstəkləyərək Rusiyanı Ukrayna infrastrukturuna zərbələri davam etdirməkdə ittiham edib.
23:08 11.10.2026
Oxunuş sayı: 57