İran nüvə müqaviləsindən çıxa bilər - Səbəb
İran hələ də Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) iştirakçısıdır, lakin ölkədə müqavilədən çıxmaq məsələsi ciddi şəkildə müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, "IRNA" bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayiyə istinadən məlumat yayıb.
Baqayi bildirib ki, İran 1970-ci ildən NPT-nin iştirakçısıdır və müqavilə çərçivəsində üzərinə düşən öhdəliklərə əməl etdiyini düşünür. Onun sözlərinə görə, buna baxmayaraq, ölkə hərbi hücumlara, alimlərin öldürülməsinə və nüvə obyektlərinə zərbələrə məruz qalıb.
İran XİN-in sözçüsü qeyd edib ki, müqavilənin iştirakçısı olan dövlət onun üstünlüklərindən yararlanmaq və öz hüquqlarını həyata keçirmək imkanına malik olmalıdır. O, ölkələrin daim təzyiq, təhdid və hərbi hücumlarla üzləşməsinin qəbuledilməz olduğunu bildirib.
Baqayi əlavə edib ki, İran Xarici İşlər Nazirliyi ölkənin səlahiyyətli qurumlarının qəbul etdiyi qərarlara uyğun hərəkət edəcək.
Qeyd edək ki, İranın NPT-dən mümkün çıxışının proseduru ilə bağlı ekspertlər bunun dərhal baş verə bilməyəcəyini bildirirlər. Ölkə müqavilədən çıxmaq niyyəti barədə digər iştirakçı dövlətlərə ən azı üç ay əvvəl rəsmi bildiriş göndərməli və qərarının səbəblərini açıqlamalıdır.
18:52 04.10.2026
Oxunuş sayı: 47