Misir müəllim-Ömrün səksəninci zirvəsində
Bəzi insanlar haqqında danışanda əvvəlcə tutduqları vəzifələr yada düşür. Bəzilərini elmi adları, kitabları, mükafatları ilə xatırlayırıq. Elə insanlar da var ki, bütün bunlardan əvvəl onların insani münasibəti, səmimiyyəti, sözünün arxasında durması, dostuna və müəlliminə sədaqəti yada düşür. AMEA-nın müxbir üzvü,pofessor Misir Mərdanov haqqında düşünəndə məndə yaranan ilk təəssürat da məhz budur.
Onun ömür yolunda rektorluq da var, nazirlik də, böyük elm də, böyük məsuliyyət də. Amma bütün bunların arxasında daha sadə və məncə, daha qiymətli bir ad dayanır: Misir müəllim.
Azərbaycanda “müəllim” sözü həmişə yalnız peşə bildirməyib. Biz hörmət etdiyimiz, sözünə inandığımız, məsləhətini qəbul etdiyimiz insana da “müəllim” demişik. Misir Mərdanova illərdir məhz belə müraciət olunur. Bu müraciətin arxasında keçmiş nazirə, professora və ya rəhbərə göstərilən rəsmi ehtiramdan daha artıq bir hiss var. Orada doğmalıq var.
3 oktyabr 1946-cı ildə Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Göyərçin kəndində dünyaya gələn Misir Mərdanovun həyat yolu ucqar dağ kəndindən başlayıb. Təqdim edilən xatirələrdə hətta onun adının yaranması ilə bağlı maraqlı ailə tarixçəsi də qorunub saxlanılıb: doğulanda ona Arif adı verilib, sonralar uşaqlıqda ağır xəstələndiyi vaxt adı Misirlə dəyişdirilib.
Bəlkə də insan səksən yaşına çatanda həyatına daha çox rəqəmlərlə yox, üzlərlə baxır. Hansı vəzifədə neçə il işlədiyini deyil, kimlərə yaxşılıq etdiyini, kimlərin əlindən tutduğunu, hansı müəllimin ona yol göstərdiyini xatırlayır. Misir müəllimin öz həyatına münasibətində də bunu görmək olur.
O, qazandığı uğurlardan danışarkən onları yalnız öz zəhmətinin nəticəsi kimi təqdim etmir. Valideynlərinin, müəllimlərinin, həyat yoldaşının, dostlarının və həyat yolunda qarşılaşdığı xeyirxah insanların adını minnətdarlıqla çəkir. Atası Cumayıl müəllimi, anası Mələk xanımı, nənəsi Həvva xanımı, həyat yoldaşı Klara xanımı, məktəb və universitet müəllimlərini yada salması onun xarakteri haqqında çox şey deyir. İnsan yüksəldikcə haradan gəldiyini unutmursa, keçdiyi yolun qiymətini də düzgün bilir.
Misir müəllimin xarakterində mənə ən maraqlı görünən cəhətlərdən biri zamana münasibətidir. Onu yaxından tanıyanların xatirələrində dəqiqlik, verilmiş sözə sədaqət və gecikməmək xüsusilə vurğulanır. O, vaxtı sadəcə saatın göstərdiyi rəqəmlər kimi qəbul etməyib. Vaxt onun üçün məsuliyyət olub.
Rektor və nazir işlədiyi illərdə günün necə keçdiyini təsəvvür etmək çətin deyil. Görüşlər, iclaslar, səfərlər, sənədlər, çıxışlar, yüzlərlə insanın müraciəti... Buna baxmayaraq, onun haqqında yazılan və deyilən fikirlərdə Misir müəllimin valideynlərinə, ailəsinə, müəllimlərinə, dostlarına, həmkarlarına və tələbələrinə vaxt ayırmağa çalışdığı xüsusi vurğulanır. Hətta gündəlik yazdığı, baş verənləri unutmamaq və sonradan onlardan nəticə çıxarmaq istədiyi qeyd edilir.
Bu, adi vərdiş deyil. İnsanın öz həyatına hesabat verməsidir.
Misir müəllim riyaziyyatçıdır. Onun elmi düşüncəsinin əsasında dəqiqlik, səbəb-nəticə əlaqəsi, optimal qərar axtarışı dayanır. Maraqlıdır ki, bu riyazi düşüncə tərzi onun gündəlik həyatında və idarəçilik fəaliyyətində də hiss olunub. Problemlərə yalnız “belə gəlib, belə də getsin” münasibəti ilə yanaşmayıb. Mövcud vəziyyəti dəyişdirməyin yolunu axtarıb.
Amma Misir Mərdanovu yalnız idarəçi kimi təqdim etmək düzgün olmazdı. Onun bütün fəaliyyətinin başlanğıcında müəllim dayanır.
Uşaqlığının keçdiyi mühitdə müəllimə münasibət tamam başqa idi. Kənddə müəllimi görəndə uşaqlar dayanır, ehtiram göstərir, ailələr övladlarına müəllim haqqında hörmətsiz danışmağı qadağan edirdilər. Müəllim uşağın gözündə yalnız dərs deyən adam deyil, mənəvi nüfuz sahibi idi. Bu münasibət Misir müəllimin düşüncəsində ömürlük qalıb.
Sonralar böyük bir təhsil sisteminə rəhbərlik edəndə də müəllimə məhz həmin uşaqlıq yaddaşı ilə yanaşıb.
Onun “pis müəllim yoxdur” fikri bəlkə də bu münasibəti ən yaxşı ifadə edir. Sözün hərfi mənasında qəbul etdikdə bununla mübahisə etmək olar. Hər peşədə olduğu kimi müəllimlər arasında da işinə məsuliyyətsiz yanaşanlar tapıla bilər. Amma Misir müəllimin demək istədiyi başqa idi. O hesab edirdi ki, müəllimin davranışındakı nöqsanı görərkən həmin müəllimin işlədiyi şəraiti, aldığı əməkhaqqını, üzərinə qoyulan yükü, məktəbin vəziyyətini də görmək lazımdır.
Bu yanaşmanın arxasında müəllimi müdafiə etmək istəyi dayanırdı.
Nazir kreslosundan müəllim haqqında danışmaq asandır. Ucqar kənd məktəbinə səhər tezdən gedib soyuq sinifdə paltosunu çıxara bilməyən müəllimi və uşaqları görmək isə tamam başqadır.
1998-ci ildə yeni nazir təyin olunandan sonra Misir Mərdanovun məktəblərə əvvəlcədən xəbər vermədən getməsi barədə xatirələr maraqlıdır. Bəzən xidməti avtomobili məktəbdən uzaqda saxlatdırır, özünü adi valideyn kimi təqdim edir, məktəbin real vəziyyətini görməyə çalışırdı. Bakının 132 nömrəli məktəbində onu tanımayan müəllimlərlə yaranmış məzəli vəziyyət də, Göyçay tərəfdə ucqar kənd məktəbinə səhər tezdən etdiyi səfər də bir cəhəti göstərir: onu hazırlanmış hesabatdan çox, gerçək mənzərə maraqlandırırdı.
“Kənd məktəbində sinif soyuq idi. Uşaqlar və müəllim paltoda oturmuşdular. Peç odunla dolu, kibrit isə yanında idi. Amma qaydaya görə peçi yalnız bunun üçün ayrılmış işçi yandırmalı idi və həmin işçi iyirmi sinfə çatmaqda çətinlik çəkirdi. Misir müəllimin reaksiyası sadə olmuşdu: kibriti götürüb peçi özü yandırmışdı”. Bir nazirin məktəbdə peç yandırması ilk baxışda kiçik epizoddur. Amma məncə, həmin səhnədə onun idarəçilik anlayışının böyük bir hissəsi görünür. Problem varsa, əvvəl onu həll etmək lazımdır. Sonra kimin vəzifəsi olduğunu müzakirə etmək olar.
Misir Mərdanov Azərbaycan təhsilinə çox çətin bir mərhələdə rəhbərlik etməyə başladı. 1990-cı illərin sosial və iqtisadi problemlərinin təsiri məktəblərdə, universitetlərdə, müəllimlərin həyatında açıq görünürdü. Təhsil sisteminin bir tərəfdən gündəlik problemlərini həll etmək, digər tərəfdən onu yeni dövrün tələblərinə uyğunlaşdırmaq lazım idi.
Onun nazir olduğu illərdə Azərbaycan təhsilində çoxlu dəyişikliklər baş verdi. Yeni məktəblər tikildi və köhnələri əsaslı təmir olundu, müəllimlərin əməyinin qiymətləndirilməsi üçün layihələr keçirildi, xaricdə təhsil imkanları genişləndi, ali təhsildə Boloniya prosesinə uyğunlaşma istiqamətində addımlar atıldı. “50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim” layihəsi müəllimin əməyinin ictimai səviyyədə görünməsi baxımından yadda qalan təşəbbüslərdən oldu. Təqdim edilən materialda onun nazir olduğu illərdə minlərlə məktəb binasının tikildiyi və ya əsaslı təmir olunduğu qeyd edilir.
Amma böyük rəqəmlər həmişə insan haqqında tam təsəvvür yaratmır.
Məni Misir müəllimin fəaliyyətində daha çox maraqlandıran ayrı-ayrı insanlara münasibətidir. Məsələn, 1991-ci ildə Şimali Kiprdən gələn nümayəndə heyəti ilə bağlı hadisə buna maraqlı nümunədir. Siyasi vəziyyət dəyişdiyindən əvvəlcədən hazırlanmış rəsmi proqram son anda faktiki olaraq qüvvədən düşür. Qonaqları qarşılamaq və yerləşdirmək məsələsi açıq qalır. Misir müəllim isə səkkiz nəfərlik nümayəndə heyətini hava limanında sahibsiz qoymaq əvəzinə onları öz evinə aparır və dörd gün qonaq saxlayır. Bakı ilə tanış edir, yola salır.
Burada vəzifə təlimatı bitir, insanlıq başlayır.
Misir müəllim haqqında söhbətlərdə belə məqamların çox olması təsadüfi deyil. Çünki insanın xarakteri rahat gündə deyil, mürəkkəb vəziyyətdə daha yaxşı görünür. Hər şey qaydasında olanda nəzakətli olmaq çətin deyil. Məsuliyyəti başqalarının üzərindən atdığı anda öz üzərinə götürmək isə başqa xarakter tələb edir.
Onun həyatında maraqlı təsadüflər də çox olub.
1983-cü ildə Moskvaya staj keçməyə gedərkən qatar bileti tapılmaması nəticəsində təsadüfən universitetin rektoru Faiq Bağırzadə ilə eyni kupedə yol getməsi sonralar özünün də maraqla xatırladığı hadisələrdən biridir. Adi görünən həmin yolçuluq zamanı rektor gənc müəllimi yaxından tanıyır, onunla söhbət edir. Sonrakı illərdə Misir Mərdanov universitet daxilində daha məsul vəzifələrə cəlb edilir.
Bu hadisəni yalnız təsadüflə izah etmək olarmı?
Təsadüf iki insanı eyni kupedə qarşılaşdıra bilər. Amma sonrakı etimadı insan özü qazanır.
Misir müəllimin həyat yolunda bu cür “təsadüflər” az deyil. O özü də bunlara minnətdarlıqla yanaşır. Bununla yanaşı, gənclərə bir fikri xatırladır: vaxtdan düzgün istifadə etmək sadəcə şüar deyil. Tale fürsət yarada bilər, amma fürsətin nəticəyə çevrilməsi üçün insanın zəhməti lazımdır.
Bu düşüncə onun öz həyatında aydın görünür.
Ucqar kənddən çıxan bir uşağın böyük universitet auditoriyalarına, elmi mühitə, universitet rəhbərliyinə, sonra ölkənin təhsil sisteminin başına gələn yolu birdən-birə keçilməyib. Bunun arxasında onilliklər boyu görülən iş, oxunan kitablar, aparılan elmi araşdırmalar, keçirilən dərslər, qəbul edilən qərarlar və bəzən də gecə yarısınadək davam edən hazırlıq dayanır.
Misir müəllimin ən maraqlı xüsusiyyətlərindən biri vəzifəyə münasibətidir.
İnsan uzun illər yüksək vəzifələrdə işləyəndə istər-istəməz ətrafında başqa bir mühit yaranır. Qapılar daha tez açılır. Adamların danışıq tonu dəyişir. Dünən cavab verməyənlər bu gün zəng edir. Səni tanımayanlar tanımağa başlayır.
Belə mühit insanı dəyişə bilər.
Misir müəllim haqqında xatirələrdə isə onun sadəliyini qoruduğu xüsusi qeyd olunur.
Bəlkə bunun səbəbi müəllimlikdən gələn daxili ölçüdür. Əsl müəllim bilir ki, qarşısında oturan tələbə bu gün gəncdir, sabah alim, həkim, mühəndis, nazir və ya böyük bir müəssisənin rəhbəri ola bilər. Ona görə insanları yalnız bugünkü vəzifəsinə görə qiymətləndirmək olmaz.
Misir müəllimin həyatında dostluğun da ayrıca yeri var. İnsan yaşa dolduqca tanışlarının sayı deyil, yanında qalan insanların dəyəri artır. İllər, vəzifələr, dəyişən zaman dostluğu sınağa çəkir. Çox adam vəzifənin yanında olur. Vəzifə bitəndə insanın yanında qalanlar isə dostlardır.
Səksən yaş bu həqiqəti daha aydın göstərən bir zirvədir.
Bu yaşda insan artıq kiməsə nəyisə sübut etməyə çalışmır. Keçilmiş yol özü danışır.
Misir Mərdanovun keçdiyi yol da danışır. Riyaziyyatçı alim kimi danışır. Müəllim kimi danışır. Universitet rəhbəri kimi danışır. Təhsil naziri kimi danışır. Kitab müəllifi və tədqiqatçı kimi danışır.
Amma bütün bunların içində mənə ən doğma gələn yenə “Misir müəllim” müraciətidir.
Çünki vəzifələr müvəqqətidir. Nazirliyin başlanğıc və son tarixi var. Rektor olduğun illər təqvimlə ölçülür. Elmi titullar diplomlara yazılır. Müəllimlik isə insanın davranışında qalır.
Öyrətmək yalnız auditoriyada lövhənin qarşısında dayanmaq deyil. Bəzən insan öz həyat tərzi ilə də dərs deyir.
Misir müəllimin həyatından gənclərin götürə biləcəyi ən sadə dərslərdən biri zəhmətlə bağlıdır. Digəri zamana münasibətdir. Bir başqası isə insanın uğur qazandıqdan sonra ona yol göstərənləri unutmamasıdır.
Məncə, ən dəyərlisi də budur.
Səksən il az zaman deyil. Bu illərin içində bir ölkənin bir neçə ictimai-siyasi mərhələsi, müharibə və sülh günləri, müxtəlif təhsil sistemləri, dəyişən texnologiyalar, nəsillər və düşüncə tərzləri yerləşib. Misir müəllimin uşaqlığında kənd uşaqlarının müəllim görəndə ehtiramla yol verdiyi dövrlə bugünkü rəqəmsal universitet arasında böyük məsafə var.
O isə bu iki dünyanın hər ikisini görüb.
Kənd məktəbində müəllimin nüfuzunu da yaşayıb, müasir ali təhsilin beynəlxalq inteqrasiya proseslərini də idarə edib. Taxta partalı sinifdən başlayan yolun rəqəmsal elm mühitinə gəlib çatmasını öz ömründə görüb.
Bu mənada səksən yaş yalnız şəxsi yubiley deyil. Bir insanın yaddaşında səksən ilin Azərbaycan təhsil tarixi yaşayır.
Səksən yaş insan ömrünün elə bir məqamıdır ki, geriyə baxanda uğurlarla yanaşı çətinliklər də görünür. Yəqin ki, Misir müəllimin də həyata keçirmək istəyib həyata keçirə bilmədiyi arzuları, sonradan başqa cür qərar verə biləcəyini düşündüyü anları olub. Böyük həyat yolu səhvsiz olmur. Amma insanın qiyməti yalnız neçə dəfə haqlı olması ilə ölçülmür. Əsas məsələ hansı niyyətlə yaşaması, hansı izi qoyması və illər keçəndən sonra onu tanıyanların necə xatırlamasıdır.
Misir müəllimi tanıyan insanların danışığında bir sözün tez-tez təkrarlandığını görmək olur: diqqət.
İnsana diqqət.
Müəllimə diqqət.
Dosta diqqət.
Keçmişə diqqət.
Zamana diqqət.
Bəlkə də səksən illik ömrün əsas sirri elə bundadır. İnsan yaşadığı günlərə diqqətlə yanaşanda illər boş keçmir.
Bu gün professor Misir Mərdanov ömrünün səksəninci zirvəsində dayanır. Arxada böyük bir yol görünür. Göyərçin kəndindən Bakıya, tələbə auditoriyasından elmi seminarlara, universitetdən nazirliyə uzanan bir yol.
Amma bu yol hələ yalnız keçmiş deyil.
Alimin yazdığı kitab yaşayırsa, müəllimin yetişdirdiyi tələbə işləyirsə, insanın etdiyi yaxşılığı kimsə xatırlayırsa, ömür davam edir.
Misir müəllim də həyatının böyük hissəsini təhsilə, elmə və insanlara sərf edib. Ona görə onun səksən illik ömrünə yalnız bir yubiley tarixi kimi baxmaq çətindir.
Bu, zəhmətlə yaşanmış səksən ildir.
Bu, müəllim sözünün məsuliyyətini daşıyan bir ömürdür.
Və insan haqqında səksən yaşında deyilə biləcək ən gözəl söz bəlkə də çox sadədir:
Yaxşı ki, varsınız, Misir müəllim.
Sizə möhkəm cansağlığı, rahat və mənalı illər arzulayırıq. Qoy bundan sonra da səhərləriniz xoş xəbərlə başlasın, evinizdən doğmaların səsi, ətrafınızdan dostların sözü əskik olmasın. Ən əsası isə illər boyu başqalarına verdiyiniz diqqəti, hörməti və doğmalığı bundan sonra daha çox özünüz hiss edəsiniz.
80 yaşınız mübarək, Misir müəllim!
Qərbi Azərbaycan İcması
Ziyalılar Şurasının üzvü dosent Azad Qurbanov
20:07 02.10.2026
Oxunuş sayı: 118