Kiyevdə vəziyyət pisləşir: Qərb səfirliklər üçün ehtiyat plan hazırladı
Qərb ölkələri Kiyevdə təhlükəsizlik vəziyyətinin daha da pisləşəcəyi təqdirdə səfirliklərini şəhərdən köçürmək üçün ehtiyat planlar hazırlayıb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə iki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, vəziyyətin kəskinləşməsi halında diplomatik nümayəndəliklərin Lvova və ya Polşanın şərq bölgələrinə köçürülməsi nəzərdən keçirilir. Diplomatlardan biri Kiyevdə vəziyyətin sürətlə pisləşdiyini bildirib.
“The Guardian” Kiyev meri Vitali Kliçkonun açıqlamasına da yer verib. O, şəhərdə vəziyyətin çox gərgin olduğunu və əvvəlki kimi sülh şəraitində yaşamağın mümkün olmadığını deyib.
Nəşr qeyd edir ki, Kiyevə hücumlarda Rusiyanın yeni taktikasından istifadə olunur. Məlumata görə, pilotsuz uçuş aparatları kiçik qruplar və dalğalar şəklində şəhərə göndərilir. Bu taktikanın məqsədlərindən birinin Ukraynanın hava hücumundan müdafiə sistemlərini uzun müddət gərgin vəziyyətdə saxlamaq və onları davamlı olaraq yeni hədəflərə reaksiya verməyə məcbur etmək olduğu bildirilir.
21:20 02.10.2026
Oxunuş sayı: 44