Yaşlılığın görünməyən təhlükəsi: Tənhalıq
1 Oktyabr – Beynəlxalq Ahıllar Günü dünyada əhalinin sürətlə yaşlandığı bir dövrdə qeyd olunur. Ömür uzunluğu artır, lakin bununla paralel yaşlı insanların qarşılaşdığı başqa bir problem də getdikcə daha çox diqqət çəkir – tənhalıq və sosial təcrid.
Üsküdar Universitetinin Sosiologiya kafedrasının professoru Əbülfəz Süleymanlı Crossmedia.az-a açıqlamasında bildirib ki, yaşlılıq məsələsinə artıq yalnız pensiya, sağlamlıq və sosial yardım çərçivəsində baxmaq yetərli deyil.
“Əsas sual insanın neçə il yaşaması deyil, həmin illəri necə yaşamasıdır. Özünü ailənin və cəmiyyətin bir hissəsi kimi hiss edirmi? Danışacağı, fikrini bölüşəcəyi, ona ehtiyac duyan insanlar varmı? Müasir dövrdə yaşlılığın ən görünməyən problemlərindən biri məhz tənhalıqdır.”
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, 60 yaşdan yuxarı insanların təxminən 11,8 faizi tənhalıq yaşayır, hər dörd yaşlı insandan biri isə sosial təcridlə üzləşir. ÜST artıq sosial əlaqələrin insanın fiziki və psixoloji sağlamlığının mühüm komponentlərindən biri olduğunu vurğulayır.
Əbülfəz Süleymanlının sözlərinə görə, yaşlılıqda həyat yoldaşının itirilməsi, təqaüdə çıxmaq, dost çevrəsinin daralması, övladların başqa şəhər və ölkələrdə yaşaması, sağlamlıq və hərəkət imkanlarının azalması insanın sosial dünyasını tədricən kiçildə bilər.
“Ən maraqlısı budur ki, insan həmişə tək olduğu üçün tənha olmur. Böyük şəhərdə, çoxmərtəbəli binada yüzlərlə insanın arasında da özünü tənha hiss etmək mümkündür. Müasir cəmiyyət bizə daha çox kommunikasiya vasitəsi verdi, amma bu, avtomatik olaraq daha çox yaxınlıq yaratmadı.”
Professor bildirib ki, bu səbəbdən bir sıra ölkələr tənhalığa artıq fərdi deyil, ictimai siyasət məsələsi kimi yanaşırlar. Məsələn, Yaponiyada tənhalıq və sosial təcridlə mübarizə üçün ayrıca qanunvericilik və hökumət səviyyəsində fəaliyyət planı mövcuddur; 2026-cı ildə də bu sahədə prioritet tədbirlər yenilənib.
Yaşlanan Yaponiya eyni zamanda robot və rəqəmsal texnologiyalardan yaşlıların gündəlik həyatında geniş istifadə istiqamətində çalışır. Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin proqramlarında qayğı robotları, monitorinq, ünsiyyət texnologiyaları və yaşlıların müstəqil həyatını dəstəkləyən sistemlər ayrıca prioritet sahələr kimi müəyyənləşdirilib.
Son elmi araşdırmalar da maraqlı nəticələr göstərir. Yaponiyada tək yaşayan 65 yaşdan yuxarı şəxslərlə aparılmış randomizə edilmiş bir sınaqda insanlarla və ailə üzvləri ilə ünsiyyəti asanlaşdıran sosial robotdan istifadə edən qrupda dörd həftədən sonra tənhalıq göstəricilərinin nəzarət qrupu ilə müqayisədə daha çox azaldığı müəyyən edilib.
Əbülfəz Süleymanlı hesab edir ki, süni intellekt və sosial robotlar gələcəkdə yaşlı insanların gündəlik həyatında mühüm köməkçi ola bilər, lakin burada mühüm sərhədi qorumaq lazımdır:
“Robot yaşlı insana dərman vaxtını xatırlada, onunla danışa, təhlükəli vəziyyəti müəyyən edə və uzaqda yaşayan övladı ilə əlaqəsini asanlaşdıra bilər. Süni intellekt də gündəlik həyatını xeyli rahatlaşdıra bilər. Amma texnologiya insan münasibətinin yerini tutmağa başladığı anda başqa problem ortaya çıxır. Məqsəd yaşlı insanı robotla baş-başa qoymaq deyil, texnologiya vasitəsilə onu yenidən insanlarla əlaqələndirmək olmalıdır.”
Professorun fikrincə, Azərbaycan kimi ailə və nəsillərarası bağların ənənəvi olaraq güclü olduğu cəmiyyətlər üçün də bu məsələ getdikcə daha aktual olacaq. Miqrasiya, şəhərləşmə, kiçik ailə modelinin yayılması və rəqəmsal həyat tərzi yaşlı insanlarla gündəlik ünsiyyətin azalmasına səbəb ola bilər.
“Yaşlı insana yalnız maddi yardım yetərli deyil. Onun fikrini soruşmaq, təcrübəsindən istifadə etmək, sosial həyata cəlb etmək və lazım olduğunu hiss etdirmək lazımdır. İnsan təqaüdə çıxanda onun təcrübəsi də təqaüdə çıxmamalıdır.
Bir cəmiyyətin inkişaf səviyyəsi yalnız gənclərinə necə gələcək hazırlaması ilə deyil, yaşlılarına necə həyat təqdim etməsi ilə də ölçülür. Çünki yaşlılıq başqasının deyil, hər birimizin gələcəyidir.”
18:01 01.10.2026
Oxunuş sayı: 48