Dezinformasiya dövründə etimad savaşı: Bakıdan dünyaya verilən media mesajı
Rəqəmsal platformaların informasiya məkanındakı rolunun artması, dezinformasiya və süni intellektlə hazırlanmış saxta məzmunların yayılması medianın məsuliyyəti və ictimai etimad məsələsini yenidən gündəmə gətirib. Bu mövzular Bakıda keçirilən AQEM Media Forumunda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev Forum iştirakçılarına müraciətində medianın ictimai diplomatiya, qarşılıqlı anlaşma və regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb, informasiya mühitində etimadın qorunmasının vacibliyinə diqqət çəkib.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan Prezidenti İlham Əliyevin AGEM Media Forumunun iştirakçılarına müraciətində media vasitəsilə etimadın qurulması və dezinformasiya ilə mübarizənin əhəmiyyətinə diqqət çəkdiyini bildirib. O qeyd edib: “Bu gün AGEM Media Forumunun iştirakçılarına müraciət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev faktiki media vasitəsilə etimadın qurulmasının və dezinformasiya ilə mübarizənin əhəmiyyətini vurğulamaqla yanaşı, həm də bu prosesin hansı alqoritm üzrə həyata keçirilməsi və hansı elementlərin xüsusilə diqqət mərkəzində saxlanılmalı olduğunu bildirib. Bu baxımdan önəmli məsələlərdən biri də məhz media vasitəsilə etimadın qurulmasının Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin güclənməsinə necə təsir edə biləcəyi məsələsidir. Bu məsələni Azərbaycanın beynəlxalq informasiya məkanındakı mövqeyi baxımından bir neçə istiqamətdə qiymətləndirmək olar. Prezident İlham Əliyevin AGEM Media Forumuna müraciətinin əsas tezislərindən biri məhz medianın yalnız informasiya ötürən vasitə deyil, qarşılıqlı etimad, anlaşma və əməkdaşlıq yaradan mühüm institut olmasıdır. O, həmçinin dezinformasiya və süni intellektdən istifadə etməklə saxta materialların hazırlanmasının ictimai etimada təsir etdiyini vurğulayıb. Bu baxımdan Azərbaycanın informasiya məkanında etibarlı mənbə kimi mövqeyinin gücləndirilməsi bu prinsipdən irəli gəlməklə olduqca önəmlidir”.

Deputat beynəlxalq auditoriyada Azərbaycan haqqında təsəvvürlərin formalaşmasında medianın rolunun da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Beynəlxalq auditoriya üçün ölkə haqqında təsəvvürlərin formalaşmasında təkcə diplomatik bəyanatlar deyil, həmin ölkənin mediasının peşəkarlığı, faktlara münasibəti və müxtəlif mövzuları necə təqdim etməsi də əhəmiyyətlidir. Azərbaycan mediası daha çox faktlara, yoxlanılmış informasiyaya və peşəkar standartlara söykəndikcə ölkənin informasiya resurslarına beynəlxalq maraq və etimadın artması üçün çox ciddi zəmin yarana bilər. Bizim 44 günlük Vətən müharibəsindən sonra xüsusilə bu müstəvidə həyata keçirilən media strategiyamız da bu çox vacib elementləri özündə ehtiva etdi. Nəticə etibarilə bu gün dünyanın kifayət qədər böyük və nüfuzlu media subyektləri Azərbaycanın media orqanları ilə yaxından əməkdaşlıq edir. Digər bir tərəfdən Azərbaycanın öz mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırmaq imkanları da təbii ki, genişləndirilir. Bu kimi etimadın qurulmasını müxtəlif xarici informasiya agentliklərinin zaman-zaman Azərbaycanla bağlı hazırladığı materialların geniş yayılmasında da görürük. Xüsusilə nəzərə alsaq ki, regionumuzla bağlı mürəkkəb və kifayət qədər ziddiyyətli proseslərdə informasiya boşluğu yarandıqda həmin boşluğu müxtəlif maraqlı tərəflərin narrativləri doldura bilir. Peşəkar və çevik media isə Azərbaycanın mövqeyini yalnız reaksiya formasında deyil, faktlar, ekspertlər, ekspert rəyləri və müxtəlif mənbələrin müqayisəsi əsasında təqdim etməklə nəticə etibarilə həmin boşluğu kifayət qədər dinamik şəkildə doldura bilir. Son yaşanan hadisələrə diqqət yetirsək, xüsusilə Qafqaz Albaniyasının xristian irsi, Alban kilsələri ilə bağlı məsələlər bu baxımdan bariz nümunələrdir”.
Azər Allahverənov media diplomatiyasının xarici siyasətin tamamlayıcı elementinə çevrildiyini və Bakı şəhərinin bu istiqamətdə informasiya platforması rolunu gücləndirdiyini bildirib: “Media diplomatiyanın tamamlayıcı elementinə bu gün çevrilməkdədir. Bunu 44 günlük Vətən müharibəsindən sonra çox uğurlu şəkildə, bir tərəfdən xarici diplomatiya, digər tərəfdən isə media diplomatiyasının bir növ unison fəaliyyət göstərməsi, bir mövqedən çıxış etməsi ilə həyata keçirildiyini görürük. Bu baxımdan Prezidentin müraciətində AGEM çərçivəsində ilk Media Forumunun Bakıda keçirilməsi, məhz Azərbaycan təşəbbüsü ilə bunun baş verməsi bu müstəvidə dialoq və çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, həm də ölkəmizin bu məsələyə olan münasibətdə mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır. Bakı yalnız siyasi və diplomatik görüşlərin deyil, həm də müxtəlif ölkələrin media nümayəndələrinin fikir mübadiləsi apardığı informasiya platforması mərkəzinə çevrilməsi kimi də dəyərləndirilir. Azərbaycanın bu rolu xarici media subyektləri tərəfindən də yüksək səviyyədə dəyərləndirilir. Digər çox önəmli məsələ dezinformasiyaya qarşı mübarizə, Azərbaycanın informasiya təhlükəsizliyi ilə yanaşı, beynəlxalq kommunikasiya imkanlarını da gücləndirməsidir. Burada etibarlı informasiya mənbəyinin formalaşdırılması və məhz bunun üzərindən strategiyanın həyata keçirilməsi siyasəti dayanır. Bunun üçün də Prezidentin müraciətində dövlət qurumları, media, rəqəmsal platformalar, jurnalistlər, o cümlədən tədqiqatlar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın vacibliyinin vurğulanması bu yanaşmanın əsas göstəricilərindən biridir. İctimai diplomatiya kontekstində də media diplomatiyasının özünəməxsus yeri var. Xarici siyasət kursunda ictimai diplomatiya ilə bağlı həyata keçirilən fəaliyyətlərdə media elementinin də qabarıq şəkildə özünü göstərdiyini görürük. Bu çox vacib haldır. Çünki burada artıq ilkin mənbədən məlumatın əldə olunması və birbaşa beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca əhəmiyyətlidir”.
Deputat media siyasətində peşəkarlıq, şəffaflıq və fakt yoxlamasının vacibliyini də diqqətə çatdırıb: “Media peşəkarlığı, şəffaflıq, fakt yoxlama, müxtəlif mövqelərin obyektiv şəkildə təqdim olunması və rəqəmsal savadlılıq elementlərinə də diqqət yetirilməsi olduqca vacibdir. Çünki bu müstəvidə uğurlu media siyasətinin həyata keçirilməsi həm də bu amillərin nəzərə alınmasını zəruri edir. Onun üzərində də təbii olaraq çox böyük və məzmunlu fəaliyyətin həyata keçirilməsi mümkündür. İstənilən halda biz görürük ki, regional media dialoqunun və informasiya əməkdaşlığının təşəbbüskarlarından biri kimi özünü təqdim edən Azərbaycan, eyni zamanda, etimad, obyektivlik, peşəkarlıq və ortaq informasiya məsuliyyəti prinsiplərini özündə ehtiva edən mühüm media dialoqu platforması qurur və təqdim edir. AGEM Media Forumu da məhz belə platformalardan biridir. Azərbaycanın belə bir ilklə çıxış etməsi həm də AGEM tarixində əlamətdar hadisə kimi dəyərləndirilə bilər. Çünki AGEM faktiki olaraq Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən mühüm platformadır. Bu platforma regional sülh, təhlükəsizlik, sabitlik və dayanıqlı inkişaf elementlərini geniş şəkildə təşviq etməklə yanaşı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə üzv olan ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən əhəmiyyətli və unikal platforma hesab olunur. Bu baxımdan qarşılıqlı etimad elementi varsa və etimadın qurulması siyasəti həyata keçirilirsə, bu, mütləq media üzərindən də etimadın qurulmasını zəruri edir. Çünki media bu prosesdə bilavasitə əsas rola malik olan təsisatlardandır və burada Azərbaycana olan etimadın məhz bu siyasət üzərindən uğurlu şəkildə qurulması olduqca əhəmiyyətlidir”.
Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlu AQEM Media Forumunun Azərbaycan mediasının beynəlxalq informasiya məkanındakı rolu və imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma olduğunu bildirib. O qeyd edib: “Bu gün informasiya yalnız xəbər vermək vasitəsi deyil, həm də cəmiyyətlər arasında münasibətlərə, ictimai rəyə və dövlətlərarası dialoqa təsir edən mühüm amildir. Bu baxımdan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu Azərbaycan mediasının beynəlxalq informasiya məkanındakı rolunun və imkanlarının müzakirəsi baxımından diqqətçəkən platformadır. Forumun Azərbaycan paytaxtında keçirilməsi ölkə mediasının beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və informasiya mübadiləsinin yeni mərhələyə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Nəzərə alaq ki, bu tədbir AQEM çərçivəsində media sahəsinə həsr olunmuş ilk forumdur. Tədbirin Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində və təşkilatın Zirvə Görüşü ərəfəsində keçirilməsi də onun əhəmiyyətini artırır”.

Baş redaktor Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində media və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib: “Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində AQEM çərçivəsində media və kommunikasiya sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə, informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb. Azərbaycan mediası üçün belə bir forumun əhəmiyyəti ondan ibarətdir ki, yerli jurnalistlər digər ölkələrdən olan həmkarları ilə eyni platformada fikir mübadiləsi aparır, beynəlxalq təcrübəni öyrənir, eyni zamanda qlobal media gündəliyində baş verən dəyişiklikləri yaxından izləmək imkanı əldə edirlər. Süni intellektin mediaya sürətlə daxil olduğu, dezinformasiya və saxta xəbərlərin geniş yayıldığı bir mərhələdə jurnalistikanın peşəkarlığı və məsuliyyəti məsələsi daha da aktuallaşır. Belə şəraitdə media qurumları arasında əməkdaşlıq və təcrübə mübadiləsi yalnız peşəkar inkişaf baxımından deyil, informasiya təhlükəsizliyi baxımından da əhəmiyyət daşıyır”.
Qalib İbrahimoğlu forumun Azərbaycanın AQEM-də sədrliyi çərçivəsində həyata keçirilən təşəbbüslərin beynəlxalq media auditoriyasına çatdırılması baxımından da əhəmiyyətini vurğulayıb: “Bizim üçün forumun digər mühüm tərəfi ölkəmizin AQEM-də sədrliyi çərçivəsində həyata keçirilən təşəbbüslərin beynəlxalq media auditoriyasına çatdırılmasıdır. Bu, Azərbaycanın media imkanlarının, jurnalistlərinin peşəkar potensialının, eləcə də ölkənin beynəlxalq informasiya əməkdaşlığındakı rolunun nümayiş etdirilməsi üçün əlavə platforma yaradır. Forum çərçivəsində Azərbaycanın sədrliyi, əməkdaşlıq təşəbbüsləri, rəqəmsal transformasiya və digər istiqamətlər ayrıca müzakirə olunub”.
Baş redaktor AQEM Media Forumunun Azərbaycan jurnalistikasının beynəlxalq əlaqələrinin inkişafına təsir edə biləcəyini qeyd edib: “Hesab edirəm ki, AQEM Media Forumu Azərbaycan jurnalistikasının beynəlxalq əlaqələrinin genişləndirilməsi, peşəkar təcrübə mübadiləsinin gücləndirilməsi və ölkə mediasının regional proseslərdə daha fəal iştirakının təşviqi baxımından əhəmiyyətli platformadır. Belə tədbirlər Azərbaycan mediasının yalnız ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da öz mövqeyini və peşəkar imkanlarını nümayiş etdirməsinə şərait yaradır”.
Nigar Xəlilli
19:30 01.10.2026
Oxunuş sayı: 64