Bakı və Mərkəzi Asiyadan yeni əməkdaşlıq planı
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında regional ticarət dövriyyəsinin 20 milyard dollara çatdırılması və “Made in Central Asia” brendi altında birgə istehsalın yaradılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda danışıb.
Nazirin sözlərinə görə, Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları da yaradıb. Bakı bu fondların hər birində ən azı 50 faiz paya sahibdir.
Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid iqtisadi məkan formalaşdırır. Onun sözlərinə görə, bu məkan bir tərəfdən Türkiyə və Avropa, digər tərəfdən isə Asiya ilə əlaqələndirilir.
Qeyd edək ki, CAMCA 2026 Regional Forumunda regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları və dayanıqlı iqtisadi inkişaf məsələləri müzakirə olunur.
17:17 01.10.2026
Oxunuş sayı: 43