İnsanlıq süni intellektin əsirinə çevriləcək - Ekspertdən şok proqnozlar
Süni intellektin biologiya sahəsində imkanlarının sürətlə genişlənməsi texnologiyanın yaratdığı yeni təhlükəsizlik risklərini də gündəmə gətirir. Xüsusilə süni intellektin bioloji məlumatların təhlili və elmi proseslərdə tətbiqi onun potensial sui-istifadəsi ilə bağlı narahatlıqları artırır. Bu məsələ artıq beynəlxalq təhlükəsizlik müzakirələrinin də bir hissəsinə çevrilib. Bəs süni intellektin bioloji imkanlara çıxışı dövlətlər arasında texnoloji və siyasi rəqabətdə hansı yeni təhlükələr yarada bilər? Süni intellektin bioloji silaha çevrilməsi dövlətlər arasında təzyiq vasitəsinə çevrilə bilərmi?
Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət süni intellektin sürətli inkişafının yalnız texnoloji yeniliklər deyil, həm də cəmiyyətlərə və dövlətlərarası münasibətlərə təsir baxımından yeni risklər yaratdığını bildirib: “Süni intellekt, əlbəttə ki, yeni texnologiyanın bir möcüzəsidir. Bir neçə il əvvəl heç ağlımıza gətirə bilməyəcəyimiz bir yenilikdir. Bu yenilik həyatımıza o qədər sürətlə daxil olub ki, biz onun sağını, solunu düzgün müəyyənləşdirə bilməmişik. Amma hamımız artıq onun içindəyik. Hətta o, bizi idarə etməyə başlayıb”.

Siyasi şərhçi süni intellektin insan həyatına, cəmiyyətlərin ümumi ovqatına və dövlətlərarası münasibətlərə müdaxilə imkanlarının gələcəkdə daha da genişlənə biləcəyini qeyd edib: “Əlbəttə ki, belə olan şəraitdə bunun təhlükəli tərəfi də yox deyil. İstər bizim həyatımıza müdaxilə, istər cəmiyyətlərin ümumi ovqatına müdaxilə, istər dövlətlərarası münasibətlərə müdaxilə, istərsə də ümumiyyətlə dünyanın status-kvosunun dəyişdirilməsi baxımından süni intellektin təhlükələrini artıq hiss etməyə başlamışıq. Süni intellekt yaxşı olmaqla bərabər, çox böyük fəlakətlərin də çarçısıdır deyə bilərik”.
Azər Həsrət hesab edir ki, süni intellektin gündəlik həyatın daha çox sahəsinə daxil olması insanın texnologiyadan asılılığını artıra bilər: “Bir müddət keçəcək, çox az müddət sonra görəcəyik ki, artıq hər şeyi süni intellekt idarə etməyə başlayıb. Bizim hətta yatıb-qalxmağımıza qədər, yeməyimizə, içməyimizə, gəzməyimizə, dolaşmağımıza qədər hər şeyin süni intellekt tərəfindən idarə olunmasının şahidi olacağıq. Bu da o deməkdir ki, insanlıq süni intellektin əsirinə çevriləcək”.
Onun sözlərinə görə, bu proses insanın fiziki imkanları ilə yanaşı, düşüncə və qərarvermə qabiliyyətinə də təsir göstərə bilər: “Belə bir şəraitdə bizim insan olaraq fiziki-fizioloji imkanlarımız getdikcə tükənəcək. İnsanlar əvvəlki sağlam həyat tərzini sürə bilməyəcəklər. İnsanların beyinləri artıq manipulyasiya ediləcək, idarə olunacaq. Bütün bunlar, əlbəttə ki, yaxşı şeylər haqqında danışmağa, yaxud pozitiv düşünməyə imkan vermir”.
Azər Həsrət süni intellektin gələcəkdə bioloji sahə ilə yanaşı, beynəlxalq siyasətdə də dövlətlərin bir-birinə təzyiq göstərməsi üçün geniş imkanlar yarada biləcəyini bildirib: “Belə imkanları olan süni intellekt, təbiidir ki, gələcəkdə həm bioloji sahədə, bütövlükdə beynəlxalq siyasətdə dövlətlərin, qurumların bir-birinə təzyiqi üçün olduqca geniş imkanlar açır. Kimin əlində texnologiya varsa, texnologiyanın açarı kimin əlindədirsə, yaxud mənbəyi kimin əlindədirsə, o da üstünlük təşkil edəcək. İndi belə bir şəraitdə kiçiklər böyüklərə uduzacaqlar. Çünki bilirik ki, hər şey kimlərin əlindədir”.
Nigar Xəlilli
17:00 01.10.2026
Oxunuş sayı: 72