"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Azərbaycanda keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təliminə cəlb edilən hərbi texnikalar nümayiş olunub.
Crossmedia.az Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, media nümayəndələri silah və sursatların, eyni zamanda, digər hərbi texnikaların xüsusiyyətləri barədə məlumatlandırılıb.
Qeyd edilib ki, burada nümayiş olunan "T-90S" əsas döyüş tankı düşmənin tanklarını, özüyeriyən artilleriya qurğularını və digər zirehli texnikalarını məhv etmək üçün istifadə olunur. Azərbaycan istehsalı olan "VAŞAQ" zirehli döyüş maşınının çətin relyef və iqlim şəraitində yüksək keçid, eləcə də üstün manevr qabiliyyətinə malik olduğu diqqətə çatdırılıb.
Təlimdə istifadə olunan "Barkan" pilotsuz quru vasitəsinin avtonom platforma kimi hazırlandığı və mini-tankı xatırladan qabaqcıl süni intellekt imkanlarına malik hərbi kəşfiyyat, müşahidə və atəş dəstəyi robotu olduğu bildirilib.
Digər texnikalar barədə də məlumat verən Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Arzu Rəhimov deyib ki, 150 mm-lik "Spike ER" özüyeriyən tankəleyhinə idarə olunan raket kompleksi gündüz, gecə və məhdud görmə şəraitində termal nişangahla təchiz olunmuş, müasir tipli qoruyucu müdafiə qurğusu ilə təchiz edilən tank, zirehli texnikanı məhv etmək üçün təyin olunub: "Atış məsafəsi 8 kilometr, mərmisi tandem kümülyativ, çapı 150 mm, mərminin çəkisi 34 kq, qurğunun çəkisi 90 kq-dır. Bu texnika 44 günlük Vətən müharibəsində, eləcə də hazırkı təlimdə iştirak edib".
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Eyni zamanda, təlimdə İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müşahidəçi qismində iştirak edir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.
11:47 01.10.2026
Oxunuş sayı: 41