Süni intellekt qlobal güc rəqabətinin mərkəzinə keçir
Süni intellekt artıq yalnız texnologiya və iqtisadiyyat məsələsi deyil, qlobal rəqabət və güc mübarizəsinin əsas istiqamətlərindən birinə çevrilir.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Süni İntellekt Siyasətləri Assosiasiyasının (AIPA) rəhbəri Zəfər Kiçikşabanoğlu Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən süni intellekt toplantısının yeni dünya düzəninin formalaşmasını göstərən mühüm mənzərə yaratdığını bildirib.
Onun sözlərinə görə, Elon Musk, Jensen Huang, Mark Zuckerberg, Sundar Pichai, Satya Nadella və Jeff Bezos kimi texnologiya dünyasının aparıcı şəxslərinin yüksək vəzifəli dövlət rəsmiləri ilə eyni masa arxasında toplaşması “texnofeodalizm” müzakirələrini daha da aktuallaşdırıb.
Kiçikşabanoğlu bildirib ki, texnologiya şirkətləri artıq yalnız iqtisadi aktorlar deyil. Onun sözlərinə görə, Trampın 2025-ci ilin yanvarında keçirilən andiçmə mərasimində texnologiya dünyasının aparıcı şəxslərinin ön sıralarda yer alması da yeni dövrün simvolik göstəricilərindən biri olub.
O qeyd edib ki, Trampın hakimiyyətə gəldikdən sonra texnologiya liderləri ilə təmaslarını artırması və onları dövlətin yüksək səviyyəli rəsmiləri ilə eyni masa arxasında toplaması bu münasibətlərin daha strateji xarakter aldığını göstərir.
Kiçikşabanoğlu “texnofeodalizm” müzakirəsinin mərkəzində gücün müəyyən texnologiya şirkətləri və şəxslərin əlində cəmləşməsi məsələsinin dayandığını bildirib. Onun sözlərinə görə, Trampın süni intellekt əvəzinə “super intellekt” ifadəsini önə çıxarması yalnız terminoloji dəyişiklik deyil, ABŞ-nin süni intellekt sahəsində qlobal liderlik iddiasının siyasi və strateji müstəviyə çıxarılmasıdır.
AIPA rəhbəri ABŞ-ın yanaşmasını belə ifadə edib: texnologiyaya nəzarət edilməli, lakin onun inkişafı yavaşladılmamalıdır. O bildirib ki, Vaşinqtonda “ABŞ yavaşlasa, Çin irəliləyər” yanaşması üstünlük təşkil edir.
Kiçikşabanoğlu Türkiyənin də süni intellekti əsas gündəmlərindən birinə çevirməsinin vacibliyini vurğulayıb. O, dövlət, özəl sektor, universitetlər və vətəndaş cəmiyyətinin bu sahədə daha sıx əməkdaşlıq etməli olduğunu qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin ABŞ və Çinlə süni intellektin bütün sahələrində eyni miqyasda rəqabət aparması real deyil. Buna görə də ölkə bir neçə strateji istiqamət müəyyənləşdirərək resurslarını həmin sahələrə yönəltməlidir.
04:15 01.10.2026
Oxunuş sayı: 49