BMT: Qəzzada əhalinin beşdə biri sel riski altında yaşayır
BMT Qəzzada yağış mövsümünün yaxınlaşması ilə əlaqədar sel və daşqın təhlükəsi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və humanitar yardım tərəfdaşları Qəzzada ailələrin yağış mövsümünə hazırlaşmasına kömək etməyə davam edir.
Onun sözlərinə görə, bəzi insanlar sel riski olan ərazilərdən köçmək əvəzinə, dağılmaq təhlükəsi ilə üzləşən zədələnmiş binalara yerləşməyə üstünlük verirlər.
Düjarrik bildirib ki, BMT və tərəfdaşları Qəzzada məcburi köçkünlərin yaşadığı və sel riski yüksək olan 450-dən çox ərazini araşdırıb. Bu ərazilərdə Qəzza əhalisinin təxminən beşdə birinin yaşadığı qeyd olunub.
BMT rəsmisi vurğulayıb ki, genişmiqyaslı köçürülmədən əvvəl yeni müəyyən edilmiş ərazilərdə partlayıcı maddələrlə çirklənmənin aradan qaldırılması tələb olunur. O, həmçinin ərazilərə giriş yollarının salınması, drenaj sistemlərinin qurulması, su və digər infrastruktur ehtiyaclarının qarşılanması ilə bağlı çətinliklərin olduğunu bildirib.
Düjarrik Qəzza ərazisinin 65 faizinə çıxışın məhdudlaşdırılmasını əsas maneələrdən biri kimi göstərib. O, qalan 35 faiz ərazidə də çox sayda məcburi köçkün fələstinlinin sıx məskunlaşdığını diqqətə çatdırıb.
BMT Baş katibinin sözçüsü humanitar yardım tərəfdaşlarının texnika, ehtiyat hissələri, mühərrik yağı və digər mühüm materialları idxal etməsi üçün İsraildən əlavə icazələrin alınmasının vacibliyini vurğulayıb. O, yanacaq və sığınacaq təminatı üçün də təcili əlavə maliyyəyə ehtiyac olduğunu qeyd edib.
02:30 01.10.2026
Oxunuş sayı: 38