Putin Rusiyada milli süni intellekt üçün yeni sistem qurur
Rusiya Prezidenti Vladimir Putin suveren və milli süni intellekt modellərinin hazırlanması üçün elmi-texniki məlumatların mərkəzləşdirilmiş şəkildə toplanması və emalını təmin etməyi tapşırıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Kremlinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, müvafiq tapşırıq 11 avqust 2026-cı ildə keçirilən Elm və Təhsil üzrə Prezident Şurasının iclasının nəticələrinə əsasən hazırlanmış sərəncamlar siyahısına daxil edilib.
Sənədə əsasən, Rusiya hökuməti suveren və milli süni intellekt modellərinin öyrədilməsi üçün elmi-texniki məlumatların mərkəzləşdirilmiş şəkildə toplanması, emalı və təqdim edilməsini təmin etməlidir.
Hökumətə, zərurət yarandığı halda, bu tapşırığın icrası üçün Rusiya qanunvericiliyinə dəyişikliklər hazırlanması da tapşırılıb.
Tapşırığın icrası ilə bağlı hesabat prezidentə 1 mart 2027-ci ilədək təqdim edilməlidir. Hesabatın hazırlanmasına Rusiya hökumətinin sədri Mixail Mişustin məsul təyin olunub.
Qeyd edək ki, Putin daha əvvəl Rusiyanın süni intellekt sahəsində yaxşı perspektivlərə malik olduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə öz texnologiyalarının tam dəstinə malik ölkələr çoxqütblü dünyada suverenliyin güclü mərkəzlərinə çevriləcəklər.
23:16 30.09.2026
Oxunuş sayı: 43