Pensiyalar haqqında yeni qərar: Yeni sistem kimlərə necə təsir edəcək?
Azərbaycanda dövlət qulluqçularının pensiya təminatı ilə bağlı yeni yanaşmanın tətbiqi təklif olunur. Milli Məclisdə müzakirə edilən dəyişikliklər çərçivəsində pensiyanın hesablanmasında dövlət qulluqçusunun əməkhaqqına bağlı mexanizmdən fərdi pensiya kapitalına əsaslanan sistemə keçid nəzərdə tutulur. Hazırkı əmək pensiyası sistemi də əsasən sığorta prinsipi və şəxsin fərdi hesabında formalaşan pensiya kapitalı üzərində qurulub.
Məsələ dövlət qulluqçularının gələcək pensiya təminatının necə formalaşacağı baxımından diqqət çəkir. Yeni mexanizmin tətbiqi onların pensiya məbləğinin hesablanmasına, əmək fəaliyyəti dövründə toplanan kapitalın roluna və mövcud qulluq stajına görə təminat mexanizmlərinə təsir göstərə bilər. Bəs əməkhaqqı ilə pensiya arasındakı əlaqənin dəyişdirilməsi dövlət qulluqçularının gələcək sosial təminatında hansı nəticələrə səbəb ola bilər?
Crossmedia.az-a açıqlamasında iqtisadçı Ruslan Atakişiyev pensiya sahəsində aparılan islahatların hesablamaların müasir dövrün tələblərinə uyğunlaşdırılması ilə yanaşı, işləyən şəxslərin əmək stajı, vəzifəsi və digər göstəricilərinin də nəzərə alınmasını ehtiva etdiyini bildirib: “Ümumiyyətlə, son dövrlər pensiya sahəsində müəyyən islahatlar aparılır. Bu islahatlar həm hesablamaların müasir dövrə uyğunlaşdırılmasını, həm də işləyən şəxslərin həmin dövrdəki stajı, vəzifəsi və digər məsələlərin öz əksini tapmasını ehtiva edir”.
İqtisadçı pensiya hesablamaları ilə bağlı cəmiyyətdə müxtəlif gözləntilərin olduğunu və bu istiqamətdə islahatların aparılmasının zəruri hesab edildiyini qeyd edib: “Son dövrlər ümumiyyətlə pensiya hesablamaları ilə bağlı əhali tərəfindən müxtəlif çağırışlar olur. Müxtəlif islahatların aparılması zəruri hesab olunur. Dövlət də mütəmadi olaraq bunları diqqətdə saxlayır və burada stimullaşdırıcı xüsusiyyəti də qorumağa çalışır”.
Ruslan Atakişiyev bildirib ki, pensiya təminatı yalnız sosial rifaha təsir edən mexanizm kimi deyil, eyni zamanda insanların əmək fəaliyyətini və dövlət qulluğunda çalışma marağını stimullaşdıran amil kimi nəzərdən keçirilməlidir: “Çünki elə bir şəkildə olmalıdır ki, həm pensiya təminatı həmin şəxsin sosial rifahına müsbət təsir göstərsin, həm də dövlət qulluğuna cəmiyyətdə olan marağı daha da artırsın. İnsanların dövlət qulluğunda davamlı işləməsinə şərait yaratsın və ən azından pensiya təminatı onların həmin qulluqda qalmasını stimullaşdırsın”.
Nigar Xəlilli
20:30 30.09.2026
Oxunuş sayı: 54